Futbol yığmamız Dubayda Avrasiya klubu ilə oynayacaq
15.01.2009 - 18:26
Futbol yığmamız Dubayda Avrasiya klubu ilə oynayacaq
Azərbaycanın futbol üzrə milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında klubla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Bu haqda apasport.az saytına AFFA-nın baş katib Elxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu istiqamətdə axtarışlar gedir: “Bildiyiniz kimi, yığmamız fevralın 1-də Özbəkistan, ayın 11-də isə Küveytə qarşı mübarizə aparacaq. Bu oyunlar arasında daha 1 və ya 2 qarşılaşma olacaq. Çox güman ki, rəqib Avropa, yaxud Asiyanın klublarından biri olacaq. İndi boş milli komanda tapmaq çətin olduğundan, klubla oynamaq qərarına gəlmişik”.

Qeyd edək ki, Dubay toplanışı 27 yanvar - 12 fevral aralığında olacaq. Xaricdəki təlim-məşq prosesi və yoldaşlıq görüşləri martın 28-də dünya çempionatının seçmə qrup mərhələsində səfərdə Rusiyaya qarşı keçiləcək matça hazırlıq xarakteri daşıyacaq.
0