Valentin Xodukin: Layzansın problemi var
15.01.2009 - 18:55
Valentin Xodukin: Layzansın problemi var
“Latviyalı futbolçu Yuri Layzansın keçidi ilə bağlı həqiqətən də danışığımız olub. Ancaq transferin baş tutması tək bizdən asılı deyil”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Latviya milli komandasında 97 oyun keçirən Yuri Layzansı sərəncamında görmək istəyən ukraynalı mütəxəssis transferin baş tutması üçün bir sıra məsələlərin həllini vacib sayır. Xodukinin fikrincə, 30 yaşlı latviyalı yarımmüdafiəçi “İnter”ə keçmək üçün problemləri yoluna qoymalıdır: “Bu, Layzansın müqaviləsinin olması ilə bağlıdır. Bildiyimə görə, onun son klubu “Şinnik”lə anlaşmasının müddəti başa çatmayıb. Yuri bu klub qarşısında götürdüyü bir sıra öhdəçiliyi yerinə yetirməlidir. Bütün detalları müzakirə etdikdən sonra transferinin reallaşması haqda danışmaq olar. Layzans mənə yaxşı tanış olan futbolçudur. Çempionat uzundur və orta sahədə belə təcrübəli oyunçuya ehtiyacımız var. Yurinin həmyerlisi, onunla uzun müddət bir yerdə çıxış etmiş Andrey Rubin də bizə öz tövsiyəsini verib”.

Qeyd edək ki, Layzans Latviyanın “Skonto” və Rusiya MOİK-nin heyətində ölkə çempionluğunu qazanıb. Onun ötən mövsüm keçirdiyi “Şinnik” Rusiya Premyer Liqasında yerini qoruya bilməyərək, birinci diviziona düşüb.
0