Viaqra indi də futbolçulara kömək edəcək - FOTO
15.01.2009 - 20:19
Viaqra indi də futbolçulara kömək edəcək - FOTO
Braziliyanın “Qremio” klubunun həkimləri futbol tarixinə düşəcəklər. Apasport.az saytının məlumatına görə, onlar ilk dəfə olaraq, futbolçulara viaqra preparatları paylayacaqlar. İnsanın bədənindəki qan damarlarını genişləndirərək, tənəffüsünə səbəb olan xüsusi maddənin hasil edilməsinə təkan verən viaqranın sayəsində braziliyalı oyunçuların problemi həllini tapacaq.

Həkimlər “Qremio”nun “Libertadores” kuboku uğrunda yarışda Kolumbiyanın “Amerika de Kali” və Boliviyanın “Avrora” klubları ilə eyni qrup düşməsindən sonra belə qərara gəliblər. Nəzərə alınıb ki, hər iki ölkə dəniz səviyyəsindən çox yüksəkdə yerləşdiyindən, səfər matçları zamanı “Qremio”nun futbolçuları oksigen çatışmazlığı ilə üzləşəcəklər. Belə olan halda, braziliyalıların dadına viaqra çatacaq. Futbolçular oyundan öncə bu preparatı qəbul edərək, tənəffüs sistemlərinin daha yaxşı çalışmasına nail olacaqlar.

“Qremio” rəhbərliyini sevindirən məqam odur ki, viaqra Ümumdünya Anti-Dopinq Agentliyinin istifadəsini qadağan etdiyi dərman preparatları siyahısında yer almır. Yəni, viaqra dopinq sayılmır və ondan yararlanmaq yasaq deyil.
0