“Birlik Kuboku” başlayır: “İnter”dən nə gözləyək?
16.01.2009 - 12:06
“Birlik Kuboku” başlayır: “İnter”dən nə gözləyək?
Sabah Moskvada XVII “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin startı veriləcək. Apasport.az saytının məlumatına görə, iki illik fasilədən sonra Rusiya paytaxtına qayıdan yarışda ölkəmizi Bakının “İnter” klubu təmsil edəcək. Son Azərbaycan çempionu eyni qrupda mübarizə aparacağı Finlandiyanı təmsil edən adaşı kimi, yarışın debütantıdır.

“İnter” bu turnirə qatılacaq 8-ci Azərbaycan komandası olacaq. Buna qədər “Qarabağ” (sonradan həm də “Qarabağ-Azərsun”), “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Bakı”, “Xəzər-Lənkəran” və 21 yaşlılardan ibarət yığmamız yarışda mübarizə aparıb. Debütant kimi, ən yaxşı göstəriciyə “Xəzər-Lənkəran” nail olub ki, Lənkəran təmsilçisi ötən il ilk cəhddə kuboka sahib çıxıb. Ümumiyyətlə, komandalarımız son dörd ildə üç dəfə finalda oynayıb. 2005 və 2006-cı illərdə həlledici görüşlərin iştirakçısı olan “Neftçi” ikinci cəhddə turnirin baş mükafatını qazanıb.

Finlandiyalı adaşı ilə yanaşı, Latviyanın “Ventspils” və Qırğızıstanın “Dordoy-Dinamo” klubları ilə eyni qrupa düşən “İnter” ilk oyununu sonunculara qarşı keçirəcək. Sabah Bakı vaxtı ilə saat 14:00-da “Dinamo” manejində qırğızlarla görüşəcək Valentin Xodukinin komandası Finlandiya və Latviya çempionları ilə oyunu da eyni vaxtda başlayacaq. Ancaq fərq ondadır ki, Azərbaycan çempionu Turku və Ventspils təmsilçiləri ilə müvafiq olaraq, “Olimpiya” manejində qarşılaşacaq.

İlk rəqib bizə yaxşı tanışdır. Belə ki, “Bakı” Bişkeki təmsil edən bu komandanı iki il öncə məğlub edib. Artıq “Bakı”nın sıralarında olmayan gürcü yarımmüdafiəçi Aleksandr Qoqoberişvili 77-ci, hücumçu Samir Musayev isə 90+4-cü dəqiqədə “Dordoy-Dinamo”nun qapısına yol tapıb. Azərbaycan və Qırğızıstan çempionlarının bu turnir çərçivəsində ilk görüşü isə 2001-ci ilə təsadüf edib. Belə ki, “Şəmkir” “Jaştık-Ak-Alltın” klubunun qapısına 6 cavabsız top keçirib. Ötən mövsümün bombardiri olan “İnter”in hücumçusu Xaqani Məmmədov həmin vaxt “Şəmkir”in heyətində olub. Həmin 6:0 hesablı qələbə klublarımızın “Birlik kuboku” tarixində ən böyük hesablı qələbəsidir.

Qeyd edək ki, ölkəmizi turnirdə “İnter”lə yanaşı, 39 yaşlı FİFA hakimimiz Vüsal Əliyev təmsil edəcək.
0