“Kocaelispor”un bəyənmədiyi Rəşad Sadıqov “Konyaspor”a baxışa getdi - YENİLƏNİB
16.01.2009 - 12:24
“Kocaelispor”un bəyənmədiyi Rəşad Sadıqov “Konyaspor”a baxışa getdi  - YENİLƏNİB
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun baxışda olduqları Türkiyənin “Kocaelispor” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Antalyada təlim-məşq toplanışında olan Kocaeli təmsilçisi “İzmirspor”la yoxlama görüşündə də uduzub - 1:2. Qarşılaşmada baxışa çağırılan futbolçular sınanıb ki, onların arasında Rəşadla Ramal da olub.

Türk mətbuatının yazdığına görə, komandaya daha gec qoşulan Hüseynov Sadıqovdan daha yaxşı təsir bağışlayıb. Belə ki, Rəşad yerli jurnalistlərin üç ulduzlu sistemlə qiymətləndirməsində ən aşağı qiymətə layiq görülüb. İlk yoxlama matçında olduğu kimi, yenə “bir” alan Sadıqov artıq fasilədə əvəzlənib. 90 dəqiqə meydanda olan Ramal isə orta qiymət, yəni “iki” alıb. Milli komandamızın 27 yaşlı müdafiəçisinin ikinci dəfə ən aşağı qiymət aldığına görə, baxışdan keçə bilməyərək komandanın düşərgəsini tərk etdiyi bildirilir.

Artıq Sadıqov digər Superliqa təmsilçisi “Konyaspor”un düşərgəsindədir. O, “Trend”ə açıqlamasında iddia edib ki, konyalılarla müqavilə bağlamağa hazırlaşır: “Hazırda “Konyaspor”un düşərgəsindəyəm. “Kocaelispor”un heyətində çıxış edərkən, “Konyaspor” nümayəndələri oyunumu izləyiblər və xoşlarına gəlib. Yəqin ki, bu klubla il yarımlıq müqavilə bağlayacağam”.

Futbolçu “Kocaelispor”da qalmamasını maliyyə problemi ilə əlaqələndirib: “İki gün əvvəl “Kocaeilspor”un prezidenti bizimlə görüşərək, maliyyə probleminin həll olunduğunu, komandaya yeni baş məşqçinin dəvət olunduğunu bildirdi. Amma bir gün sonra məlum oldu ki, baş məşqçi məsələsi və maliyyə problemi həll olunmayıb. Ona görə də dünən axşam “Konyaspor”un dəvətini qəbul edərək, bu komandanın düşərgəsinə gədim”.

Qeyd edək ki, Türkiyə Superliqasında çıxış edən “Konyaspor” 17 xalla 12-ci yerdədir.
0