Kakanın transfer qiyməti açıqlandı: 120 milyon avro!
16.01.2009 - 12:33
Kakanın transfer qiyməti açıqlandı: 120 milyon avro!
“Mançester Siti” rəhbərliyi Braziliya yığmasının və “Milan”ın futbolçusu Kakanı transfer etməyə daha da yaxınlaşıb. Apasport.az saytının məlumatına görə, “Milan” tərəfi ingilislərdən təklif aldığını rəsmən təsdiqləyib. Ardından İtaliya klubunun rəsmiləri Kakaya “Mançester Siti” ilə müqavilənin detallarını müzakirə etmək üçün icazə veriblər.

Qeyri-rəsmi məlumatlara əsasən, 27 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 120 milyon avroya bərabərdir. 2007-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş Kakanın “dağlılar”la razılaşması baş tutarsa, göstərilən məbləğ rekord sayılacaq.

Kakanın agenti Dioqo Kotço isə mümkün transfer haqda bunları deyib: “Milan” ona “Mançester Siti” ilə danışıqlar aparmağa icazə verib. Bu yöndə növbəti addım Kakanın atasının ingilislərlə görüşməsi olacaq. İngiltərədə deyirlər ki, artıq tərəflər arasında müqavilə bağlanılıb. İtaliyada isə əksinə, keçidin alınmadığını iddia edirlər”.

Qeyd edək ki, Kakanın “Milan”la razılaşmasının müddəti 2013-cü ilə qədərdir. Ötən il məşhur futbolçu karyerasını “Milan”da başa vurmaq, həmçinin planetin ən güclü çempionatı saydığı İngiltərə Premyer Liqasında oynamaq istədiyini bildirmişdi.
0