Kiyev “Dinamo”sunun futbolçusu: Mənə Azərbaycanda yaxşı pul təklif ediblər
16.01.2009 - 13:09
Kiyev “Dinamo”sunun futbolçusu: Mənə Azərbaycanda yaxşı pul təklif ediblər
“Ağdamın “Qarabağ” klubuna keçənədək yaxşı variantım yox idi. Həmin vaxt yalnız Ukraynanın birinci və ikinci liqalarında oynayırdım”. Apasport.az saytının məlumatına görə, bunu Kiyevin “Dinamo” klubunun yeni transferi Sergey Kravçenko deyib.

Ukrayna milli komandasının 25 yaşlı yarımmüdafiəçisi “Qarabağ”da çıxış etdiyi dövrü geriyə addım saymır: “Bu komandada çıxış edən həmyerlim Denis Sokolovski məni yanına çağırdı. Hesab etdim ki, Azərbaycan çempionatının yüksək liqasında çıxış etmək mənim üçün “Şaxtyor”un ikinci və üçüncü komandalarında dolaşmaqdan daha faydalı olacaq. “Qarabağ”da dörd ay çıxış etdikdən sonra uzun müddətli müqavilə bağlamaq istədilər. Mənə yaxşı pul da təklif edirdilər. Həmin məbləğ Ukrayna ilə müqayisədə kifayət qədər böyük idi. Sonda elə alındı ki, atamın tanışı Valeri Qoşkoderya oyunumu izləyirdi. O da məni “Vorskla”nın həmin vaxtkı baş məşqçisi Viktor Nosova tövsiyə etdi”.

Qeyd edək ki, Kravçenko qış fasiləsində “Dinamo”ya “Vorskla”dan keçib.
0