Giray Bulak Rəşadın transferini təkzib etdi
16.01.2009 - 18:03
Giray Bulak Rəşadın transferini təkzib etdi
“Sizə kim deyib ki, biz Rəşad Sadıqovla maraqlanırıq?! Biz onu hələ transfer etməmişik. Ancaq ola bilsin ki, Rəşadla maraqlandıq”. Bu fikirləri apasport.az saytına eksklüziv açıqlamasında Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Giray Bulak deyib.

Təcrübəli mütəxəssis Azərbaycan milli komandasının 27 yaşlı kapitanı Rəşad Sadıqovun keçidini təsdiqləməyib: “Rəşad heç hazırlıq prosesimizə qatılmayıb. Onunla görüşməmişəm. Ancaq Sadıqov haqda məlumatım var. Anlaşmanın baş tutub-tutmayacağını zaman göstərəcək”.

Sadıqovun “Neftçi” ilə müqaviləsi olduğundan, onun başqa kluba sərbəst keçidi problem yaradır. Hər halda, flaqman rəhbərliyi bu transferə görə kompensasiya istəyir. Bulak isə bütün bunlardan xəbərsizdir: “Onun “Neftçi” ilə müqaviləsi var? Mən bunu bilmirəm. Sadıqovla anlaşacağımız halda, ona görə kompensasiya ödəyib-ödəməyəcəyimizi deyə bilmərəm. Bu məsələyə mən yox, klub rəhbərliyi qərar verir. Vəziyyətə baxacağıq. Şərtlər münasib olarsa, transferi reallaşdıra bilərik. Hazırda Konya şəhərinə qayıdırıq. Orada Sadıqovla bağlı məsələyə aydınlıq gətirəcəyik”.

Qeyd edək ki, “Konyaspor” yanvarın 18-də Türkiyə kuboku çərçivəsində öz meydanında “Alanyaspor”la görüşəcək.
0