Komandamızda Rəşad adlı futbolçu yoxdur
19.01.2009 - 14:07
Komandamızda Rəşad adlı futbolçu yoxdur
“Əfəndim, vallah nə Rəşad Sadıqovu görmüşəm, nə də onun oyununu. Hal-hazırda komandamızda belə bir futbolçu yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Giray Bulak deyib.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun adının hallandığı Superliqa təmsilçisinin təcrübəli çalışdırıcısı bildirib ki, bu transferin baş tutması haqda danışmaqda çətinlik çəkir. Bulakın fikrincə, 27 yaşlı müdafiəçinin komandasına keçidi rəhbərlikdən asılı ola bilər: “Eşitdiyimə görə, Rəşad Azərbaycanın ən yaxşı futbolçularından biridir. Onu “Konyaspor”a tövsiyə ediblər. Düzdür, bizə yaxşı müdafiəçi lazımdır. Ancaq Sadıqova gəlincə, onun transferinin detallarına qarşıdakı günlərdə baxıla və şərtlərin münasibliyi nəzərdən keçirilə bilər. Bundan sonra Sadıqovun komandamıza keçidinin baş tutub-tutmayacağına aydınlıq gələcək. Hazırda istirahətdəyik və sabahdan məşqlərimizi bərpa edəcəyik”.

“Konyaspor” Türkiyə kuboku çərçivəsində son oyunda aşağı divizion təmsilçisi “Alanyaspor”u böyük hesabla məğlub etməsinə (4:0) baxmayaraq, qrupda qalıb və mübarizəni dayandırıb.

Qeyd edək ki, Sadıqovun müqavilə ilə bağlı olduğu “Neftçi” onun başqa komandaya transferi üçün kompensasiya istəyir.
0