“Bakı” Moldova yığmasının hücumçusu Sergey Roqaçyovdan imtina etdi
19.01.2009 - 16:07
“Bakı” Moldova yığmasının hücumçusu Sergey Roqaçyovdan imtina etdi
Moldova yığmasının hücumçusu Sergey Roqaçyovun “Bakı” klubuna keçidi baş tutmayacaq. Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandanın vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına bildirib ki, 32 yaşlı hücumçunun transfer qiyməti onlar üçün bahadır. Bu səbəbdən “Bakı” ötən mövsümü Rusiyanın birinci divizion təmsilçisi “Ural” klubunda keçirən Roqaçyovu heç baxışa çağırmağı lazım bilməyib: “Bu hücumçunun transfer məbləğ maddi maraqlarımıza uyğun gəlmədi. Buna görə də Roqaçyovun məsələsini arxa plana keçirdik. Öz ölkə çempionatının bombardiri olan nigeriyalı hücumçu da gələsi olmadı. Onun problemi isə viza ilə bağlı idi. Həmin nigeriyalı futbolçu yanvarın 17-də Bakıya viza alıb gələcəyini bildirdi. Komandamız isə həmin vaxt artıq Türkiyədə olduğundan, ora gəlməsini istədik. O isə bunu reallaşdıra bilmir”.

Məmmədov hazırda baxışdan keçirdikləri Mərakeş milli komandasının hücumçusu Hasan Surinin pis təsir bağışlamadığını söyləyib. Türkiyənin aşağı divizion klubu “Urfa şanlı spor”u 5:3 hesabı ilə məğlub etdikləri oyunda “Bakı”nın vurduğu qollardan birinin müəllifi olan mərakeşli futbolçu haqda hələ son qərar verilməyib: “Türkiyədəki hazırlığa yeni başlamışıq, vaxtımız kifayət qədərdir və tələsmək istəmirik. Avstriyada oynayan afrikalı hücumçunun yolunu gözləyirik. “Antalyaspor” klubunun və Zimbabve milli komandasının hücumçusu Yozef Nqvenja bu gün düşərgəmizə gəlməlidir. Birbaşa müqavilə bağlamaq istəyən zimbabveli bir illik müqavilənin qarşılığına 250 min avro istəyir. Biz isə ona 150 min dollar təklif edirik. Zimbabvelinin keçidinə danışıqların yekunundan sonra aydınlıq gələcək. Türklərə qol vuran Georgi Adamiya yaxşı təsir bağışlayır. Müqavilə ilə “Neftçi”yə məxsus olan bu gürcü futbolçunun məsələsi hələ ki açıq alır”.

Qeyd edək ki, “Bakı” ikinci yoxlama oyununu yanvarın 21-də Türkiyənin Superliqa təmsilçisi “Hacettepe” klubuna qarşı keçirəcək.
0