Azərbaycanın “Birlik kuboku”ndakı tarixi
19.01.2009 - 17:00
Azərbaycanın “Birlik kuboku”ndakı tarixi
Azərbaycan klubları üçün “Birlik kuboku” turnirində Latviya təmsilçisi ilə görüş əlamətdarlığı ilə seçilir. Apasport.az saytının məlumatına görə, adıçəkilən yarışda ilk oyunu məhz bu ölkənin təmsilçisinə qarşı keçirmişik. 1993-cü ilin yanvarın 25-də “Neftçi” “Skonto”ya 0:1 hesabı ilə uduzub. Riqanı təmsil edən bu komanda ilə sonrakı iki görüş isə “Kəpəz”in payına düşür. “Birlik kuboku”nda qrup səddini aşan ilk komandamız olan Gəncə təmsilçisi 1998-ci ilin yanvarın 28-də “Skonto”ya 2:3 hesabı ilə uduzduğu üçün mübarizəni ¼ finalda dayandırıb. Həmin oyunda 0:2 hesabı ilə geridə olan “Kəpəz” 5 dəqiqəyə Badri Kvaratsxeliya və İmamyar Süleymanovun vurduğu qollarla tarazlığı bərpa edə bilsə də, latviyalılar qələbə topunu vurmağa müvəffəq olub.

“Kəpəz”lə “Skonto”nun növbəti ilki görüşü qrup mərhələsi çərçivəsində reallaşıb. 1999-cu il yanvarın 26-da keçirilən həmin oyun böyük hesabla məğlubiyyətimizlə nəticələnir – 0:4. Özü də rəqib hər dörd topu ikinci hissədə vurub. Nəhayət, “Birlik kuboku”nda latviyalılar üzərində ilk qələbəni son görüşdə qazana bilmişik. 2006-cı ilin yanvarın 15-də “Neftçi” qrupda keçirdiyi ikinci oyunda Liyepayanın “Metallurq” klubunu gürcü hücumçu Georgi Adamiyanın 6 dəqiqəyə (25 və 31-ci dəqiqələr) etdiyi “dubl”la məğlub edib – 2:1.

Göründüyü kimi, Bakının “İnter” klubunun sabahkı rəqibi - Latviyanın turnirdə budəfəki təmsilçisi “Ventspils” bizim üçün yeni komandadır. Son Azərbaycan çempionunun Moskvada keçirilən ənənəvi yarışda ilk qolunun müəllifi kimi tarixə düşən 31 yaşlı latviyalı yarımmüdafiəçi Andrey Rubin vaxtilə “Metallurq”un heyətində daxili yarışlarda “Ventspils”ə qarşı oynayıb. “İnter”in sabahkı rəqibinin liderlərindən olan gürcü yarımmüdafiəçi Zurab Menteşaşvili isə “Skonto”nun heyətində “Birlik kuboku”nda bizə qarşı oynayıb.

Qeyd edək ki, “İnter”i “Ventspils”i ukraynalı mütəxəssislər – Valentin Xodukinlə Roman Qriqorçuk çalışdırır.
0