“Duysburq” klubunun kamerunlu hücumçusu “Neftçi”də
19.01.2009 - 17:06
“Duysburq” klubunun kamerunlu hücumçusu “Neftçi”də
“Neftçi” “Duysburq” klubunda çıxış edən Valentin Atemi transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, flaqmanın almaniyalı baş məşqçisi Hans-Yurgen Gede 30 yaşlı hücumçunun komandasının Antalya şəhərindəki hazırlıqlarına qatılmasını istəyib.

Peşəkar karyerasına vətənində 18 yaşında başlayan kamerunlu futbolçu ölkə çempionatındakı debüt mövsümündə “Olimpik”in 27 qoluna imza atır. Birinci dəstənin ən yaxşı bombardiri olan futbolçu sonradan “Viktoriya Şutinq”, “Kumbo Strayker” və “Maunt Kamerun” komandalarında top qovub. Birinci dəstənin çempionu, ölkə kubokunun və Superkubokun qalibi adını qazanıb.

2004-06-cı illərdə Qanada legioner həyatı yaşayan hücumçu “Obuaşi Qoldfild” və “Asanti”da forma geyinib. 2007-ci ilin yanvarında Almaniyada peyda olan Valentin iki ildir ikinci bundesliqada top qovur. “Ayntraxt”da (Braunşveyq) 13 oyuna 3 qol vuran kamerunlu “Vehen”də 21 matça eyni sayda qol vurub. Son yarım ildə çıxış etdiyi “Duysburq”da cəmi 6 qarşılaşmaya çıxan və qol vura bilməyən Atem özünə yeni klub axtarır.
0