“Kocaelispor” transfer edəcəyi futbolçular arasında Ramal Hüseynovu da göstərib
19.01.2009 - 18:02
“Kocaelispor” transfer edəcəyi futbolçular arasında Ramal Hüseynovu da göstərib
“Bakı” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov yenidən Türkiyəyə gedir. 25 yaşlı futbolçu apasport.az saytına açıqlamasında bildirib ki, bu gün axşam saatlarında “Kocaelispor” klubunun düşərgəsinə yollanacaq. Nəhayət, özünə yeni baş məşqçi tapan Superliqa təmsilçisi Ramalı geri çağırmağı lazım bilib: “Komanda Antalya hazırlığını başa vurduqdan sonra mənə ailəmi görmək üçün Bakıya qayıtmağa icazə verdilər. Əslində, sabah geri qayıtmalı idim. Ancaq həmin vaxta bilet olmadığı üçün bu gün komandanın təmsil etdiyi İzmir şəhərinə yollanacağam. Mən geri qayıdandan sonra Erhan Altını komandaya yeni baş məşqçi təyin ediblər. İndi onunla söhbət etməyimiz qalıb”.

Hüseynovun sözlərinə görə, ondan razı olan klub rəhbərliyi qalmağını istəyir: “Yeni baş məşqçiyə təqdim olunan raportda adım da var. Türkiyənin “Qaziantepspor” klubuna baxışa yollanan Fərrux İsmayılov oradan mənə zəng etmişdi. Onun dediyinə görə, yerli televiziyada “Kocaelispor”un 5 yeni transferi arasında məni də göstəriblər. Artıq yanvarın 25-də komandanın Superliqanın növbəti oyunu olacaq. Yeni baş məşqçi bu qısa müddətdə məni yalnız məşqlərdə görə bilər. İnanmıram ki, transferimdə ciddi problem yarana. Müqavilə ilə məxsus olduğum “Bakı” və özümlə danışıqlardan sonra məsələyə yekun vurulmalıdır”.

Qeyd edək ki, hazırda Türkiyədə olan “Bakı”nın rəhbərliyi Ramalı cari mövsümün sonuna qədər icarəyə verir.
0