“Muğan”da oynamağa razıyam”
20.01.2009 - 00:17
“Muğan”da oynamağa razıyam”
Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadə karyerasını Salyanın “Muğan” klubunda davam etdirməyə razıdır. 30 yaşlı futbolçu apasport.az saytına açıqlamasında Premyer Liqada yerini qorumaq uğrunda mübarizə aparan, 12-ci yerdə gedən komandaya keçidini məcburiyyətdən saydığını bildirib. Cahangirin sözlərinə görə, onun “Muğan”a transferi ilk dövrədə çıxış etdiyi “Qəbələ” klubundan asılıdır: “Çünki bu klubla müqaviləm olduğum üçün transferimə görə kompensasiya ödəmək lazımdır. Turnir cədvəlində sonlarında qərarlaşan “Muğan”dan isə çox şey tələb etmək olmur. Autsayder komandaya bir növ məcburiyyətdən keçməli oluram. Çünki iddialı komanda mövsümün ortasında qapıçını dəyişməz, mənə isə yarım ildə oyun praktikasını itirməmək lazımdır. Buna görə də mövsümün sonuna qədər “Muğan”da oynamaq variantına razıyam”.
0