How are you, mister Rashad Sadigov?
20.01.2009 - 00:01
How are you, mister Rashad Sadigov?
Bu şəklə baxanda lap uşaqlıq illərimiz yada düşür. Rusların cizgi filmində deyildiyi kimi:
“A ya leju i siju, İ na solnışko qlyaju...”.

Bəli, Türkiyənin “Kocaelispor” klubunun təlim-məşq toplanışına qatılan Azərbaycanın iki futbolçusu - Rəşad Sadıqovla Ramal Hüseynov Antalyada günəşin altında oturub, uzanıb, günəşə baxırlar. İlk baxışdan hiss olunur ki, Ramal daha nikbindir. Onun şəkil çəkilən zaman fotoobyektivə baxması, eləcə də üzündəki cizgilər gələcəyə olan inamdan xəbər verir.

2004-cü və 2005-ci ildə ölkəmizin ən yaxşı futbolçusu seçilmiş Rəşad isə... Deyəsən, o, özü də son 2 ayda müxtəlif komandaları gəzməkdən bezib. “Neftçi”nin əsas heyətindən qovulan, İspaniyanın “Valyadolid” klubunun ikinci komandasından əli ətəyindən uzun dönən Sadıqov “Kocaelispor”un düşərgəsində də heç nə edə bilmədi. Onun “Kocaelispor”un düşərgəsində ən mənalı vaxtı elə uzanıb, günəşə baxmaqdan ibarət oldu.

İndi bilmək olmur ki, üzünü təraş edən Rəşad haralardadır? Heç “Rəşad Sadıqov rəsmən “Konyaspor”da!” deyib, yazmağa da dəyməz. Fakt faktlığında qalır. Belə getsə, yığmamızın müdafiəçisi “Konyaspor”un heyətində də bir neçə gün uzanıb, özünü günə verdikdən sonra geriyə dönəcək.

Ona görə də əksər hallarda Azərbaycan jurnalistlərindən yayınan Sadıqova ingiliscə 2 cümlə demək istəyirəm. Yəqin ki, o, Pireneydən vurub, Anadoludan çıxdıqdan sonra ingiliscə öyrənməmiş olmaz: How are you, mister Rashad Sadigov? Don’t worry, be happy!
0