Valentin Xodukin: “Ventspils”i məğlub edib, qrup qalibi olmaq istəyirik
19.01.2009 - 20:18
Valentin Xodukin: “Ventspils”i məğlub edib, qrup qalibi olmaq istəyirik
“Sabah bizi “Ventspils”lə çətin oyun gözləyir. Balanslaşmış heyətə malik Latviya təmsilçisi turnirin favoritlərindən biridir”. Bunu apasport.az saytına açıqlamasında “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində ölkəmizi təmsil edən Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Onun sözlərinə görə, qrup mərhələsində son rəqib “Ventspils”in 1/4 finala vəsiqəni özünə təmin etməsini üstünlük saymaq olmaz: “Rəqib meydana arxayın çıxaraq, heç bir gərginlik altında olmayacaq və baxımlı futbol nümayiş etdirəcək. Hesab edirəm ki, belə oyuna üstünlük verən komandaya qarşı oynamaq heç də asan deyil. Biz ilk növbədə 1/4 finala çıxmağı düşünürük. Əlbəttə, “Ventspils”i məğlub edib, qrup qalibi olmaq istəyirik”.

Xodukin “İnter”in turnirin favoritləri qismində göstərilməsi faktını təvazökarlıqla qarşılayıb: “Komandamız haqda belə sözlər eşitmək xoşdur. Bəzən bizdən çox şey tələb edirlər. Danışmaq asandır, əsas dediyin sözlərin məsuliyyətini dərk edib, sonradan buna cavabdehlik daşımaqdır. Məni hər şeydən çox sevindirən odur ki, komandamız ildən-ilə inkişaf edir, rəhbərlik bunun üçün əlimdən gələni əsirgəmir. Futbolda nəticəni proqnozlaşdırmaq çətin məsələdir. Məsələn, ilk turda Qırğızıstanın “Dordoy-Dinamo” klubu ilə oyunda 15 real qol imkanımız oldu, rəqib də görüşün əvvəlində iki dəfə qapımıza yol tapa bilərdi. Sonda isə hesab açılmadı”.

70 yaşlı ukraynalı mütəxəssis 1/4 finalda hansı rəqiblə görüşmək istəyini açıqlamayıb: “Bu, həm alicənablıqdan uzaq, həm də rəqiblərə hörmətsizlik olardı. Axı 1/4 finala zəif komanda çıxmır. Heç hansı rəqiblə qarşılaşmaq haqda düşünmərəm də. Turnirdə “Ventspils”lə yanaşı, Özbəkistanın “Paxtakor”, Moldovanın “Şerif” klubu da favoritlərdəndir. Futbolda istənilən komandadan sürpriz gözləməyə dəyər. Heyətlə bağlı problemlərimiz qalmaqdadır. Sağlıq durumunda problemlərə görə Samir Abbasovla Cavid Hüseynovun xidmətindən hələ yararlana bilmirəm. Azərbaycan milli komandasının üzvləri olan bu futbolçular isə “İnter” üçün elə-belə oyunçular deyil”.

Qeyd edək ki, son Azərbaycan çempionuna “Ventspils”lə sabahkı oyunda qrup səddini açmaq üçün bir xal da kifayətdir.
0