Azərbaycanlı futbolçu dünya çempionatının mükafatçısı ilə eyni komandada?
20.01.2009 - 10:50
Azərbaycanlı futbolçu dünya çempionatının mükafatçısı ilə eyni komandada?
Azərbaycan yığmasının sabiq futbolçusu Ramal Hüseynovu heyətinə cəlb edən “Kocaelispor” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, digər azərbaycanlı futbolçu Rəşad Sadıqovla razılaşa bilməyən Türkiyə təmsilçisi daha səviyyəli oyunçuların transferini həll etmək üzrədir.

“Qalatasaray”, “Fənərbaxça”, “Trabzonspor”, “Malyorka” kimi klubların heyətində oynayan və Türkiyə milli komandası ilə dünya çempionatının bürünc mükafatçısı, “sarı-qırmızılar”ın heyətində UEFA kubokunu və Superkuboku qazanan Fatih Akyel də “Kocaelispor” rəhbərliyi ilə danışıqlara başlayıb.

Hasan Uğurla müqaviləni rəsmiləşdirən kocaelililər Mahmut Hanefi və Bəşir Əl-Tabeinin də yolunu gözləyir. Bundan başqa, maliyyə problemlərini həll edən klub prezidenti Serhan Gürkan Taner Gülləri, Murat Hacıoğlu və Sərdar Kulbilgəni komandada saxlaya bilib. Taner “Neftçi”, Murat “Bakı” ilə yanaşı, bir çox türk klublarının hədəfində olsa da, “Kocaelispor”da çıxışlarını davam etdirəcək.
0