“Neftçi” “Xəzər-Lənkəran”ın qisasını ala biləcəkmi?
20.01.2009 - 11:03
“Neftçi” “Xəzər-Lənkəran”ın qisasını ala biləcəkmi?
“Neftçi” klubu Türkiyədəki hazırlıq prosesində yenə problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, flaqmanın Rusiyanın Premyer Liqa təmsilçisi “Moskva” klubunun ardınca Almaniyanın ikinci bundesliqasında çıxış edən “Kikker Offenbax”la yoxlama oyunu da baş tutmayıb. “Moskva” ilə görüş bu günə nəzərdə tutulduğu üçün “Neftçi” rəsmiləri qanlı 20 yanvar hadisələrinin ildönümü günü meydana çıxmamağı qərara alıblar. Bu səbəbdən “Moskva” klubunun əvəzedici komandasına bir gün sonra görüşmək təklif olunsa da, ruslar bundan imtina ediblər.

Qeyd edək ki, “Neftçi” sabaha planlaşdırılan yoxlama oyununda özünə rəqib tapa bilib. Bu, Rusiyanın birinci divizionunda çıxış edən “Salyut-Enerji” klubudur. Belqorodu təmsil edən bu komanda Antalyada “Xəzər-Lənkəran”la keçirdiyi yoxlama oyununda 2:1 hesabı ilə qələbə qazanıb. Yanvarın 23-də növbəti yoxlama görüşü keçirməyi planlaşdıran flaqman ertəsi gün Bakıya qayıdacaq.
0