“Bunedkor”un futbolçuları Azərbaycan yığmasına qarşı
20.01.2009 - 11:33
“Bunedkor”un futbolçuları Azərbaycan yığmasına qarşı
Fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanla yoldaşlıq görüşü keçirəcək Özbəkistan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mircəlal Qasımov komandaya 23 futbolçu çağırıb.

Bunlar qapıçılar İqnati Nesterov (“Paxtakor”), Mixail Naumov (“Məşəl”), Muhiddin Xudoyarov (“Bunedkor”), müdafiəçilər – Şövkət Raimkulov, Sahob Curayev (hər ikisi “Bunedkor”), Ənvər Qafurov, Artyom Filiposyan (hər ikisi “Məşəl”), Anzur İsmayılov (“Paxtakor”), İslam Tuxtaxodcayev, Ruslan Melziddinov (hər ikisi “Neftçi”), Hikmət Həşimov (“Metallurq”), yarımmüdafiəçilər – İldar Maqdeyev, Odil Axmedov, Şirzad Kərimov (hamısı “Paxtakor”), Sərvər Ceparov, Cəsur Həsənov, Timur Kapadze (hamısı “Benedkor”), Fazil Musayev, Sunnat Məmmədədliyev (hər ikisi “Nasaf”), hücumçular – Fərhad Taciyev (“Paxtakor”), Uluqbəy Bakayev (“Bunedkor”), İlyas Qurbanov (“Dinamo”, Səmərqənd), Şahbaz Erkonovdur (“Pas”, İran). Çağırılan 4 ehtiyat oyunçu – Asror Əlikulov, Dilşad Şarofiddinov (hər ikisi “Paxtakor”), Ənvər Soliyev (“Bunedkor”), İlham Şomuradovdur (“Məşəl”).

Göründüyü kimi, rəqibin heyətində ölkə kənarında çıxış edən yalnız bir futbolçu var ki, bu da İranda oynayan hücumçudur. Özbəkistan yığmasında həm gürcü əsilli (Timur Kapadze), həm də erməni əsilli (Artyom Filiposyan) futbolçu var. Milli komandanın liderlərindən olan Kiyevin “Dinamo” klubunun 31 yaşlı hücumçusu Maksim Şatskix bu dəfə heyətə çağırılmayıb.

Daşkənddə bir araya gələn milli komanda sabaha qədər orada hazırlıq keçəcək. Yanvarın 21-də isə özbəklər BƏƏ-yə yollanacaq. Bu ölkənin milli komandası Asiya kuboku çərçivəsində yanvarın 28-də rəsmi oyun keçirəcək. Qasımovun yetirmələri bundan üç gün sonra yığmamızla qüvvəsini sınayacaq. Özbəkistan yığması BƏƏ ilə rəsmi matça qədər Rusiya və Çexiya çempionları “Zenit” (Sankt-Peterburq) və “Slaviya” (Praqa) klubları ilə yoxlama oyunu keçirəcək.
0