Azərbaycanlı FİFA hakimini “Birlik Kuboku” turnirindən kənarlaşdırdılar
20.01.2009 - 12:15
Azərbaycanlı FİFA hakimini “Birlik Kuboku” turnirindən kənarlaşdırdılar
Azərbaycanlı FİFA hakimi Vüsal Əliyev üçün “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turniri qrup mərhələsi ilə başa çatdı. Bu barədə apasport.az saytına açıqlama verən 39 yaşlı hakim bildirib ki, pley-off oyunlarında idarəçilik etməyəcək. Turnirin Hakimlər Komitəsindən bu haqda məlumat alan Əliyev yır-yığış edərək vətənə qayıtmağa hazırlaşır: “Bu gün turnirdə son oyunumu idarə edəcəyəm. Bakı vaxtı ilə saat 18:00-da “Dinamo” manejində Litvanın “Ekranas” və Türkmənistanın “Aşqabad” klublarının görüşündə ehtiyat hakim olacağam. Ola bilsin ki, artıq sabah Bakıya qayıtdım. Təşkilatçılar pley-off oyunları üçün üç ölkənin hakimini saxlayırlar ki, bunlar erməni Karen Nalbandyan, ukraynalı Oleq Orexovla və latviyalı Andris Sipaylodur. “Rubin” – “Paxtakor” görüşündə necə idarəçilik etdiyimi həm təşkilatçılar, həm də azərbaycanlılar gördülər”.

FİFA hakimi ona qarşı haqsızlıq edilməsi ilə tam razılaşmır: “Ona qalsa, mən də daxil olmaqla, 12 ölkənin hakimini geri qaytarırlar. Belə olan halda, çox üzülməyə dəyməz. Bu qərara gəlinibsə, deməli, belə məsləhət imiş. Buna hörmət etmək lazımdır. Ola bilsin ki, turnirdə ölkəmizi təmsil edən Bakının “İnter” klubunun favoritlərdən sayılması, habelə idarə etdiyim “Rubin”lə “Paxtakor”un finala çıxmaq şansının olması, pley-off oyunlarına yolumu bağlayır”.

Qeyd edək ki, ikinci dəfə “Birlik kuboku”na göndərilən Əliyev 2007-ci ildə də eyni aqibətlə üzləşib. O, bu dəfə turnirdə qrup mərhələsində hər üç tura təyinat alıb. 1:1 hesabı ilə nəticələn “Rubin” - Paxtakor” oyununda beş sarı vərəqə göstərən FİFA hakimimiz “Qalarasaray”ın sabiq hücumçusu Hasan Kabzeni 88-ci dəqiqədə cəzalandırıb. “Rubin”in “Birlik kuboku”nda vurduğu ilk qolun müəllifi kimi tarixə türk hücumçu 52-ci dəqiqədə “Paxtakor”un qapısına yol tapmaqla, komandasına ilk xalı qazandırıb.
0