“Azərbaycan klublarının oynadıqları liqada elə möcüzələr baş verirdi ki...”
20.01.2009 - 12:59
“Azərbaycan klublarının oynadıqları liqada elə möcüzələr baş verirdi ki...”
“Məşqçilik fəaliyyətimin ilk illərində SSRİ-nin birinci və ikinci liqasında çalışmışam. İkinci liqanın doqquzuncu zonasında Azərbaycan, Gürcüstan və Ermənistanın hərəyə beş, Türkmənistanın isə bir komandası çıxış edirdi. Hər oyun fərqli təəssüratlar oyadırdı, hər dəfə yeni bir şeylə üzləşirdin”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın Premyer Liqa təmsilçisi “Tom” klubunun baş məşqçisi Valeri Nepomnyaşi deyib.

Türkiyənin Antalya şəhərində yoldaşlıq görüşü çərçivəsində Bakının “İnter” klubuna uduzan (0:1) “Tom” daha sonra yerli “Ankaragücü” ilə matçda qalmaqal yaşayıb. Belə ki, futbolçular dava-dalaş salıblar. Nəticədə Nepomnyaşi komandasını meydandan çıxarmalı olub: “Bu onun məntiqi nəticəsi idi ki, təlim-məşq toplanışında Türkiyə komandası ilə görüşürsən, oyunu da türk hakim idarə edir. Qısası, rəqib futbolçumuzu təxribata çəkdi, o da özünü ağılsız apardı, nəticədə qalmaqal düşdü. Vaxtilə elə “Ankaragücü”nü çalışdırsam da, bu, tam başqa komanda idi. Yaramaz hərəkət edənlər də elə məhz legionerləri idi”.

SSRİ dövründə Türkmənistanda çalışan Nepomnyaşi bildirib ki, o vaxt Azərbaycan komandalarının da çıxış etdiyi ikinci liqada xoşagəlməz olaylar, dava-dalaşlar, hakimliklə bağlı problemlər tez-tez olub: “Orada elə möcüzələr baş verirdi ki, buna siz də dərhal inanmazdınız. Buna görə də prinsipcə, vəziyyətə uyğunlaşmışam. Ancaq bu o demək deyil ki, ötən mövsüm “Tom” rəhbərliyim altında keçirdiyi 10 oyunda hakimliklə bağlı problemlə üzləşdi, bizi kimsə “öldürdü”.
0