İtsifət bibi, Səfehbala, Quşbeyin və Danqabaş
20.01.2009 - 13:44
İtsifət bibi, Səfehbala, Quşbeyin və Danqabaş
Yaxşı deyiblər ki, çoxluq... fəsadlar törədir. Azərbaycan idman mətbuatında olduğu kimi. Son vaxtlar idman mətbuatına bir neçə yeni portal və qəzet daxil olub. Düzdür, bunların heç də hamısı pis fəaliyyət göstərmir. Sevindirici haldır ki, yeni portal və qəzetlərdən bəziləri oxucuların zövqünü oxşamağı, onları operativ, dəqiq və qərəzsiz xəbərlərlə təmin etməyi bacarırlar. Alqışlanmalıdır! Amma onlardan bir neçəsinin funksiyası sanki əl-ayağa dolaşmaq, ağızlarına və ağıllarına gələni yazmaqdan ibarətdir.

Milçək bir şey deyil, amma ürək bulandırır. İki gün əvvəl saytımızın “bostanına daş atan” bir portalın rəhbərliyinə, xüsusilə yazı müəllifinə xatırlamalarım var. Əvvəla, həmin portal adından da göründüyü kimi, azarkeş, həvəskardır. Onların fəaliyyətləri də elə bu cürdür. Portalın rəhbəri idmanda təsadüfi, bu sahəyə dəxli olmayan insandır. Yazı müəllifinin isə idman mətbuatında heç 2 il stajı yoxdur. Ona görə də oturun yerinizə!

Biz Rəşad Sadıqovun “Kayserispor”a, İlqar Qurbanovun “Sivasspor”a, Saşa Yunisoğlunun “Qrotslin”ə keçidini böyük sevinc hissi ilə xalqa çatdıranda, siz haralarda idiniz? O zaman idman mətbuatı sizin üçün qaranlıq dünya idi. İndi 1-2 cızmaqara edib, baş-beynimizi aparmaqla məşğulsunuz. Tısbağa qınından çıxıb, qınını bəyənmədiyi kimi, sizlər də başqa jurnalistləri bəyənmirsiniz.

Öz həmkarını digər peşə nümayəndəsinin - futbolçunun ayağına verən jurnalistdən nə gözləyəsən? Özü də söz açdığım portal apasport.az saytının abunəçisidir. Hər ay filan qədər pul verib, bizim xəbərlərdən istifadə edirlər. Lətifəsi hamımızdan uzaq, it yatır arabanın kölgəsində, elə bilir öz kölgəsidir...

Dediyim kimi, portalda əsasən apasport.az saytının məlumatlarından istifadə olunur. Qalan xəbərləri isə oxumasanız yaxşıdır. Ərtoğrul Sağlam haqqında sayıqlamalardan sonra bunların ağılları yenə başlarına gəlməyib. Yenə yazıblar ki, guya “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Sağlama “Komandaya baş məşqçi gəl, amma futbolçu transferlərinə özüm nəzarət edəcəyəm” - deyib. Məzəniz olsun! Yazdıqlarınıza özünüz inanın, sonra camaata sırıyın.

Bunların bir dostu var - Yusuf Uncular
Bunların bir düşməni var - Rasim Kara
Bunların menecerlik etdikləri bir futbolçu var - Rəşad Sadıqov
Bunların boş-boşuna tərifləməkdən yorulmadıqları bir klub var - “Qarabağ”

Vəssalam! Bu obyektlərdən kənar heç kim və heç nə onlar üçün mövcud deyil.

Rəşad Sadıqovla bağlı əsassız informasiyalar zəhlə-zibarımızı tökdü. Daha bəsdir! Guya ucuz reklamdan istifadə etdiyinizi bilmirik. Rəşad hər hansısa klubun oyunçusu olsun, bunu yazmasaq, onda bizi ittiham edərsiz! Amma görəsən, bunları nə məcbur edir ki, “Rəşad Sadıqov rəsmən “Konyaspor”da” başlıqlı dezinformasiyanın qabağına 3 dənə ulduz, 5 dənə nida, 8 dənə mötərizə qoyurlar? Və ya “İnter” rəhbərliyi Rəşada 1 milyon dollar təklif edib” xəbərinin mənbəyi haradır? Bəlkə bu xəbər öz mənbəyini Kür çayı kimi, Türkiyənin Qızılgədik dağından götürür? Nəyə görə, özlərini peşəkar sayan jurnalistlər Sadıqovun baxışda olduğu “Konyaspor”un baş məşqçi Giray Bulakın fikirlərinə qeyri-ciddi yanaşır, onun lazımsız fiqur olduğunu iddia edir?

Mən oxucunun mənafeyini həmişə futbolçunun mənafeyindən üstün tutmuşam. Çünki Azərbaycan idman mətbuatının oxucularının böyük hissəsi ziyalı, intellektual və mədənidir. Futbolçular arasında isə çox az hallarda savadlı, mədəniyyətli və sadə insana rast gəlmək mümkündür. Bəziləri isə paxıl, məkrli, “torbatikən”...

Təəssüf ki, artıq bu mənfi xüsusiyyətlər jurnalistlərə də keçməkdədir. Axı, atı atın yanına bağlayanda həmxasiyyət olur.

Gedin, adınızı dəyişib, www.uydurmaxeber.az qoyun!

P.S. “Parni iz Baku”nun personajları elə bil futbolumuzun və idman mətbuatımızı korlayanların boyuna biçilib. Burada İtsifət bibi də var, Səfehbala da, Quşbeyin də, Danqabaş da...

Aqşin ƏLİYEV
0