İlqar Quluzadə: “Konyaspor” rəhbərliyi bizə heç bir müraciət etməyib
20.01.2009 - 14:17
İlqar Quluzadə: “Konyaspor” rəhbərliyi bizə heç bir müraciət etməyib
“Rəşad Sadıqovun keçidi ilə bağlı bizə heç bir klub müraciət etməyib. Bəyəm futbolçu klubla danışmalıdır ki? Onun işi futbol oynamaqdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

Onun sözlərinə görə, əsas heyətdən uzaqlaşdırdıqları Sadıqovun transferi üçün “Konyaspor” rəsmiləriylə hər hansı danışıq olmayıb: “Futbolçunu almaq istəyən komanda onunla bağlı müraciət etməlidir. Necə ki, biz oyunçu ilə maraqlananda menecerə, klub rəhbərinə müraciət edirik. Əgər hansısa komandanın Rəşadın xidmətinə ehtiyac varsa, bizə müraciət etsin. Biz də ona baxıb, şərtlərimizi deyib, qərarımızı verəcəyik. Transferlərin həlli ilə bağlı beynəlxalq miqyasda qəbul olunan qayda-qanunlar var. Ancaq bizdə hər şey tərsinədir. Legioner almaq istəyən Azərbaycan klublarından külli miqdarda pul istəyirlər, güzəştə də getmirlər. Belə olan halda, biz niyə futbolçumuz pulsuz verməliyik?”

Quluzadə Sadıqovla birgə kənarlaşdırılan digər futbolçulardan gürcü Georgi Adamiya və ukraynalı Aleksandr Çertoqanovun məsələsinə də münasibət bildirib: “Adamiyanın keçidi ilə hazırda sıralarında yer aldığı “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovla danışığımız olmayıb. Ancaq məsələ hələ ki açıq qalır. Çertoqanovla bağlı isə heç bir müraciət almamışıq”.

Qeyd edək ki, “Neftçi” rəhbərliyinin Sadıqov, Adamiya və Çertoqanovla müqaviləsi olduğu üçün onlara görə kompensasiya tələb etmək hüququ var.
0