“İnter” klubunun “Birlik kuboku” turnirində rekordları
21.01.2009 - 11:19
“İnter” klubunun “Birlik kuboku” turnirində rekordları
Bakının “İnter” klubu həmşəhərliləri “Neftçi”nin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində ən çox xal toplayan növbəti təmsilçimiz oldu.

2006-cı ildə qrup qalibi olan “Neftçi” həmin vaxt 7 xal toplamışdı və topların fərqi +4 idi. Fərq ondadır ki, flaqman həmin vaxt 6 top vurub, 2-ni buraxdığı halda, “İnter” 5-ni vurub, 1-i buraxıb. Maraqlıdır ki, “Neftçi” kimi “İnter” xal itkisinə Orta Asiya təmsilçisi ilə görüşdə məruz qalıb. Ağasəlim Mircavadovun çalışdırdığı komanda Qazaxıstanın “Aktobe” (1:1), Xodukinin yetirmələri isə Qırğızıstanın “Dordoy-Dinamo” klubu ilə oyunda (0:0) heç-heçə edib.

İndi elə vəziyyət yaranıb ki, qrup qalibi kimi ¼ finala çıxan “İnter” yenə orta asiyalılarla – Tacikistanın “Reqar-TAdAZ” klubu ilə görüşəcək. “Aktobe” isə potensial rəqibimizdir. Axı son Azərbaycan çempionu “Birlik kuboku”nun yarımfinalına yüksələcəyi halda, “Aktobe” – “MTZ-RİPO” (Belarus) cütünün qalibi ilə oynayacaq.

Qeyd edək ki, turnirdə buna qədər “Xəzər-Lənkəran” və iki dəfə “Neftçi” qrup qalibi olub. “İnter”in daha bir rekordu qrup mərhələsində ən az qol buraxan komandamız olmasıdır. Düzdür, 2005-ci ildə “Neftçi” də qrupda cəmi bir top buraxmışdı. Ancaq flaqman buna iki, “İnter” isə üç oyunda nail olub ki, bu da Xodukinin komandasına üstünlük verir.
0