“Bakı” – “Şinnik” görüşünün vaxtı dəyişdirildi
21.01.2009 - 11:51
“Bakı” – “Şinnik” görüşünün vaxtı dəyişdirildi
“Bakı” klubunun Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçirəcəyi yoxlama oyununda rəqibləri və matçların tarixləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu gün Superliqa təmsilçisi “Hacettepe” ilə görüşən bakılılar yanvarın 24-də əvvəl nəzərdə tutulduğu kimi Lixtenşteynin “Vaduts” klubu ilə qüvvəsini sınayacaq. Rusiyanın Premyer Liqasına qayıdan “Şinnik” ilə oyunun vaxtı dəyişdirilib. Belə ki, “Bakı”nın Yaroslavlı təmsil edən bu komanda ilə planlaşdırıldığı kimi, yanvarın 28-də yox, 26-da görüşəcək. Fevralın 1-də Almaniyanın aşağı divizion təmsilçisi “Karlsberq”, 3-də İrlandiya çempionu “Derri Siti” ilə yoxlama matçları qüvvədə qalır.

“Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski bu arada daha bir oyun salıb. Makedoniyalı mütəxəssis yetirmələrini Bolqarıstanın yüksək liqa təmsilçisi “Botev”lə yoldaşlıq görüşündə də sınayacaq. Belə olan halda, komandamız üç gündə dalbadal üç oyun keçirməli olacaq.

Qeyd edək ki, bakılılar fevralın 4-də Antalyadakı hazırlıq prosesini başa vuraraq, vətənə dönəcək. Türkiyədəki toplanışda hələ ki bir yoxlama oyunu keçirən Hacıyevskinin yetirmələri bu ölkənin aşağı divizion təmsilçisi “Urfa şanlı spor” klubunu 5:3 hesabı ilə məğlub edib.
0