Rasim Kara “Persepolis” klubu ilə İran çempionu ola bilər
21.01.2009 - 12:51
Rasim Kara “Persepolis” klubu ilə İran çempionu ola bilər
“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Rasim Kara karyerasını İranda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 59 yaşlı mütəxəssis “Persepolis” klubunu çalışdırmaq təklifi alıb.

Bir müddət əvvəl Mustafa Dənizlinin çalışdırdığı İran təmsilçisi Şenol Günəşlə razılaşa bilmədiyindən, Karaya elçi düşüb. 2004-cü ildən fasilələrlə ölkəmizdə çalışan mütəxəssislə neçə vaxtdır danışıqlar aparan “Persepolis” rəhbərliyi yaxın günlərdə məsələnin həllini tapacağını gözləyir. Kara menecersiz fəaliyyət göstərdiyi üçün iranlılarla danışıqları özü aparır.

Hazırda keçirdiyi 22 qarşılaşmada 36 xal toplayan “Persepolis” İran çempionatının güclülər dəstəsində 4-cü pillədə qərarlaşıb. Klub rəhbərliyi Karanı gətirməklə, mükafatlar uğrunda mübarizəyə qoşulmaq əzmindədir. Komanda liderdən 7 xal geri qalır.

Qeyd edək ki, türk çalışdırıcı Azərbaycan Premyer Liqasında 82, ölkə kubokunda 14, UEFA kubokunda 2 qarşılaşmada təmsilçilərimizin “sükan”ı arxasında olub. Bu oyunlardan 54-ü “Xəzər-Lənkəran”, 44-ü “Qarabağ”ın baş məşqçisi olduğu vaxta təsadüf edib.
0