Mircəlal Qasımov: Bizim üçün nəticə vacib deyil
21.01.2009 - 13:22
Mircəlal Qasımov: Bizim üçün nəticə vacib deyil
Fevralın 1-də Dubayda Azərbaycan milli komandası ilə görüşəcək Özbəkistan yığmasının baş məşqçisi Mircəlal Qasımovun apasport.az saytına eksklüziv müsahibəsi

- Milli komandamızla Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək yoldaşlıq görüşündən nə gözləyirsiniz?
- Bizim qarşıda iki rəsmi oyunumuz var. Yanvarın 28-də Asiya Kuboku çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, fevralın 11-də isə 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bəhreynlə görüşəcəyik. Bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərində iki həftəlik təlim-məşq toplanışı keçirməyi nəzərdə tutmuşuq. Həmin vaxt Azərbaycan yığmasının orada toplanışda olması lap yerinə düşdü. Belə ki, milli komandanızla da qüvvəmizi sınamaq imkanı əldə edəcəyik. Bu oyun Bəhreynlə görüş öncəsi bizim üçün yaxşı bir sınaqdır. Fikrimcə, yaxşı oyun olacaq. Matçın gərgin, maraqlı mübarizə şəraitində keçəcəyini gözləyirəm.

- Futbolçu kimi, Azərbaycan yığmasına qarşı bir neçə dəfə yoldaşlıq görüşündə meydana çıxmısınız. Həmin oyunlar xatirənizdə necə qalıb?
- Ən xoş hisslərlə. Azərbaycanla həm səfərdə, həm də evdə qarşılaşmışıq. Milli komandanıza qarşı Bakıda da oynamışam. Həmin matçlar yoldaşlıq görüşü xarakteri daşısa da, maraqlı alınırdı. İnanıram ki, bu dəfə də belə olacaq.

- Azərbaycan yığmasının oyun üslubunda hansı cəhəti qeyd edərdiniz?
- Komandanıza qarşı oynamaq heç də asan olmayıb. Azərbaycan zəif rəqib deyil. Futbolçularınız hələ SSRİ dövründə öz texnikalı oyunu ilə yadda qalıb. Bu da Qafqaz futbolunun xarakterik xüsusiyyətlərindəndir.

- Amma bu dəfə yığmamıza qarşı baş məşqçi kimi çıxacaqsınız. Hazırkı Azərbaycan milli komandası haqda məlumatınız varmı?
- Çox az. Bununla belə, futbolunuza diqqətin artırılması haqda eşitmişəm.

- Bəs son vaxtlar yığmamızın oyununu görmüsünüzmü?
- Yox.

- Onda biz deyək: Azərbaycan milli komandası cari seçmə mərhələdə rəqibiniz olan Bəhreyni ötən ilin noyabrında 2:1 hesabı ilə məğlub edib...
- Oyuna qədər lazımı məlumatlar əldə edərik.

- Komandamızın baş məşqçisi tanınan mütəxəssis, 1996-cı ildə Almaniyaya Avropa çempionluğu qazandıran Berti Foqtsdur. Yəqin ki, sizə bir gənc çalışdırıcı kimi belə nüfuzlu həmkarınıza qalib gəlmək stimul verməlidir...
- Açığı, bu haqda düşünmürəm. Məni ilk növbədə komandamın oyunu, nəticə qazanması maraqlandırır.

- Azərbaycanla yoldaşlıq görüşündə nəticə sizin üçün nə dərəcədə önəmlidir?
- Belə qarşılaşmalarda nəticə əsas deyil. Əsas məsələ futbolçuları sınaqdan keçirməkdir. Hazırda yığmamızın çoxlu gənc, perspektivli oyunçuları və onlara böyük ümidlərimiz var. Yığmanızla görüşdə bu futbolçuları iş başında görəcəyik. Millinin üzvləri üçün oyun praktikasının çox olması vacibdir. Həm bu, həm də müxtəlif taktiki gedişləri, eksperimentləri yoxlama oyunlarında keçirmək imkanı olur. Sözsüz ki, komanda meydana məğlub olmaq üçün çıxmır və biz də qalib gəlməyə çalışacağıq. Lazımı nəticəni ilk növbədə rəsmi əldə etməyə çalışacağıq.

- Milli komandamızdan əvvəl, BƏƏ ilə oyununuz olacaq. Gözləmək olar ki, Azərbaycanla görüşə daha çox ehtiyat qüvvə ilə çıxacaqsınız?
- Hazırkı heyətimizdə ölkədən kənarda çıxış edən cəmi bir futbolçu var ki, bu da İranda oynayır. Qalan legionerlərə öz klublarında təlim-məşq toplanışında iştirak etmək imkanı yaratmışıq. “MDB və Baltikyanı ölkələrin çempionatlarının Birlik kuboku” turnirində çıxış edən milli komandanızın özəyini təşkil edən “Paxtakor” klubundan futbolçuları Birləşmiş Ərəb Əmirliklərinə aparacağıq. Ola bilsin ki, bəzi əsas futbolçularımıza Azərbaycanla oyunda istirahət etdik, gənclərə şans verdik. İstənilən halda, rəsmi oyunla yoldaşlıq görüşü fərqlənir. Qarşıdakı rəsmi oyunlara böyük önəm verib, ciddi hazırlaşırıq. Hər halda, milli komandanızla qarşılaşmaya optimal heyətlə çıxacağıq.

- Azərbaycan - Özbəkistan oyununda hansı komandanın qələbə qazanmaq şansı daha çoxdur?
- İndidən bu haqda bir şey deyə bilmərəm. Kimin güclü olduğunu 90 dəqiqəlik oyundan sonra görəcəyik.
0