Kiyev “Dinamo”sunun futbolçusu: Karyeramda dönüş anı Azərbaycanda oldu
21.01.2009 - 15:25
Kiyev “Dinamo”sunun futbolçusu: Karyeramda dönüş anı Azərbaycanda oldu
“Qərbdə işim alınmadığı üçün Şərqə yollandım. Azərbaycanda “Qarabağ” klubunda çıxış etdim. Orada oynadığım dörd ayda daim əsas heyətdə yer aldım, qollar vurdum”. Apasport.az saytının məlumatına görə, bunu Kiyevin “Dinamo” klubunun yeni transferi Sergey Kravçenko deyib.

Ukraynanın ən titullu klubunun Poltava “Vorksla”sından transfer etdiyi 25 yaşlı yarımmüdafiəçi ölkəmizdə çıxış etdiyi qısa dövrü hər dəfə xoş xatirə ilə yada salıb. Yenə ənənəsinə sadiq qalan Kravçenko “Qarabağ”da çıxış etdiyi dövrü faydalı sayır: “Yəqin ki, karyeramda dönüş anı elə Azərbaycanda oldu. Orada özümdə güc hiss etdim, inamım artdı. Məhz Azərbaycandan məni “Vorskla”nın baş məşqçisi Viktor Nosova tövsiyə etdilər”.

Sergey milli komandamızda çıxış etməklə bağlı məsələyə də aydınlıq gətirib: “Azərbaycan yığmasında oynamaqla bağlı rəsmi təklif almamışam. Bu, yalnız danışıqlar səviyyəsində olub. Yadımdadır, yalnız Ukrayna yığmasında oynayacağımı deyəndə, yerli jurnalistlər buna güldülər. Ancaq sonda dediyim oldu. Yeri gəlmişkən, Azərbaycanda məni indiyə kimi xatırlayırlar. Mətbuatda haqqımda yazırlar. “Qarabağ”ın futbolçusunun Kiyevin “Dinamo” klubunda çıxış etmək səviyyəsində yüksəlməsi ilə fəxr edirlər”.

Qeyd edək ki, Kravçenko “Qarabağ”da 2005/06 mövsümünün ilk dövrəsində çıxış edib.
0