Rusiyalı məşqçi “Xəzər-Lənkəran”ın qiymətini verdi
21.01.2009 - 16:57
Rusiyalı məşqçi “Xəzər-Lənkəran”ın qiymətini verdi
“Ümumilikdə, “Xəzər-Lənkəran”la oyun bərabər mübarizə şəraitində keçdi. Müəyyən zaman kəsiyində üstünlüyü ələ ala bilsək də, qol vurmaq istəyimiz baş tutmadı. Təlim-məşq toplanışının sonuna yaxın yorğunluq öz sözünü dedi. Amma bununla bəraət qazanmaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Rostov” klubunun baş məşqçisi Oleq Dolmatov deyib.

Ötən mövsüm birinci divizionun qızıl mükafatçısı kimi Premyer Liqaya qayıdan komanda son yoxlama oyununda “Xəzər-Lənkəran”a 0:1 hesabı ilə uduzub. “Rostov”u Premyer Liqamızın ilk dövrəsinin bombardiri olan bolqar hücumçu İvan Svetkov vurduğu qolla cəzalandırıb. Dolmatov bunu oyunun həlledici anı sayır: “Əks-hücumların birində uzaq dirəyə doğru iti ötürmə verildi. Burada isə rəqib hücumçu imkanını ağıllı şəkildə dəyərləndirdi. Deyə bilmərəm ki, çoxlu yüz faizli qol imkanlarımız oldu. Bəli, təzyiq edirdik. Amma hesab edirəm ki, hücum xəttimiz kifayət qədər iti və fəal oynamırdı. Oyundan çox narazı qaldığımı da deyə bilmərəm. Ancaq üzərində işləməli olduğumuz şeylər var. Rəqibimiz heç də pis komanda deyil. Amma bu, məğlubiyyətimizə bəraət vermir. Rəqibə nə qədər hörmətlə yanaşsaq da, uduzmağa haqqımız yox idi”.
0