Aleksandr Çertoqanov: Bəlkə də “Neftçi”yə qayıtdım
22.01.2009 - 00:02
Aleksandr Çertoqanov: Bəlkə də “Neftçi”yə qayıtdım
“Simurq” klubunun düşərgəsində yer alsam da, keçidim hələlik həll olunmayıb. Bu komandanın Gürcüstandakı hazırlıq prosesində iştirak edə bilməyəcəyəm. Çünki həmin vaxt yığmanın heyətində Dubayda təlim-məşq toplanışında olacağam”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov deyib.

“Neftçi” klubunun əsas heyətindən uzaqlaşdırılan 29 yaşlı futbolçunun karyerasını vətəni Ukraynada davam etdirmək istəyi baş tutmayıb: “Orada variantlar çox idi. Əsasən “Tavriya” və “Zarya” klubları məni heyətinə cəlb etmək istəyirdi. Bundan ötrü “Neftçi”yə 80 min dollar ödəmək lazım idi. Bu, “Tavriya” üçün böyük məbləğ idi. “Zarya” rəhbərliyi də “Neftçi” ilə məsələni özümün həll etməyimi istədi. Məgər mən bu qədər pulu verib, sonra xeyli müddət havayı oynamalı idim? Həqiqətən də Kiprdən dəvət almışdım. Ora baxışa yollanmalı idim. Bunu ona görə etmədim ki, baxışa getmək istəmirdim. Sadəcə, Ukrayna klublarına transferimi gözləyirdim. Bilsəydim ki, alınmayacaq, evdə oturmaq əvəzinə, bir həftə Kiprə gedərdim”.

Çertoqanov bildirib ki, Azərbaycanda yalnız “Simurq” komandasından təklif alıb. O, yenidən “Simurq”un baş məşqçisi, həmyerlisi Roman Pokoranın rəhbərliyi altında oynamağa yaxındır. Aleksandr 61 yaşlı çalışdırıcı ilə “Nikolayev” klubundan yaxşı tanışdır: “Pokora bu komandanın baş məşqçisi olarkən, orada oynamışam. Onun “Simurq”a keçmək təklifini qəbul etməyimdə həm bunun, həm də komandada həmyerlilərimin çox olması böyük rol oynadı. Bir də ki Azərbaycandan yalnız “Simurq” mənə rəsmi dəvət göndərdi”.

Aleksandrın sözlərinə görə, “Simurq”a mövsümün sonuna qədər icarəyə verilməyi nəzərdə tutulub: “Yəqin ki, bu halda məbləğ aşağı olar və məsələ iki klubun rəhbərliyi arasında həll olunacaq. “Neftçi”nin vitse-prezidenti İlqar Quluzadə ilə yaxşı münasibətlərim var. Yeganə problemli şəxs baş məşqçi Hans-Yurgen Gede idi. Karyeramda yalnız bu mütəxəssislə problemim oldu, ona uyğun gəlmədim. Ona görə icarəyə verilirəm ki, həm ikinci dövrədə oyun praktikam olsun, həm də bəlkə mövsümün sonunda “Neftçi”də baş məşqçi dəyişildi və geri qayıda bildim”.

Qeyd edək ki, “Simurq”un Çertoqanovun çıxış etdiyi dayaq yarımmüdafiəçisi mövqeyində oyunçuya ciddi ehtiyacı var.
0