Taciklər Xodukini aldada bilmədi
21.01.2009 - 19:18
Taciklər Xodukini aldada bilmədi
“Birlik kuboku”nda asan matç olmur. Tacikistanın “Reqar-TadAZ” klubu ilə 1/4 final oyunumuz bunu təsdiqlədi. Turnir sona yaxınlaşdıqca gərginlik artır”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Bu gün Tacikistanın “Reqar-TadAZ” klubunu 2:0 hesabı ilə məğlub etməklə, yarımfinala yüksələn son Azərbaycan çempionunun 70 yaşlı çalışdırıcısı rəqibə yerini göstərib. Xodukinin sözlərinə görə, taciklər onları aldada bilməyib: “Rəqib bizə qarşı oyunu müdafiədən qurmuşdu. Bəzi futbolçuları texnikalı, bəziləri cəld, sürətli idi. Böyük qüvvə ilə müdafiə olunan taciklər Donetskin “Şaxtyor” klubunu olduğu kimi, bizi də əks-hücumlarda cəzalandırmaq istəyirdilər. Ancaq onların bu planı baş tutmadı. Çünki onların oyununu izləyib, özüm üçün qeydlər aparmışdım. Buna uyğun qurduğumuz taktika öz bəhrəsini verdi. Bilirsiniz, yanvarda hazırlıq prosesində əsasən dözümlülük üzərində çalışırsan. Sürət, güc kimi keyfiyyətlər hələ lazımı səviyyədə olmur. Bunun da nəticəsində zədələr yaranır və bizdə belə problemlər var”.
0