Ergün Pəmbə: Azərbaycan yığmasında rusların çox olması bizə qəribə gəlmişdi
22.01.2009 - 11:11
Ergün Pəmbə: Azərbaycan yığmasında rusların çox olması bizə qəribə gəlmişdi
“Azərbaycana ilk dəfə 1999-cu ildə gəlmişdim. Həmin vaxt milli komandanızın çox zəif olduğunu və Bakıda böyük hesabla qələbə qazanacağımızı düşünürdük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray” və Türkiyə yığmasının sabiq kapitanı Ergün Pəmbə deyib.

Hazırda vətənində “Hacettepe” klubunun məşqçisi olan Pəmbə dünən “Bakı” ilə yoxlama matçından sonra öz fikirlərini bildirib: “10 il əvvəllə müqayisədə indi tam əksini gördük. Yoldaşlıq oyunu olsa belə, çox əziyyət çəkdik. Yadımdadır, Azərbaycan – Türkiyə görüşü çox qalmaqallı keçmişdi... Milli komandanızda ruslar çox idi. Bu amil bizə bir qədər qəribə gəlmişdi. Ancaq indi bildiyimə görə, Azərbaycanda yaxşı bir yığma komanda formalaşıb”.

Veteran futbolçu Azərbaycanda oynayan həmvətənləri barədə də danışıb: “Ölkənizdə bir çox dostlarım var. “Galatasaray”da birgə oynadığım Suat Usta və Əli Cansunla tez-tez əlaqə saxlayıram. Oqtay Dərəlioğlu da Azərbaycanda top qovub. O, mənə “Xəzər-Lənkəran” da yaxşı qapıçının olduğunu da deyib”.

Ergün sonda vurğulayıb ki, yaxın zamanlarda Azərbaycandakı dostlarına baş çəkməyə gələcək.

Mənbə: bakifc.az
0