“Konyaspor”da Rəşad Sadıqova yer yox imiş
22.01.2009 - 11:24
“Konyaspor”da Rəşad Sadıqova yer yox imiş
“Qış fasiləsində cəmi 4 futbolçu transfer etməyi qərara almışdıq. Artıq onlardan ikisi ilə müqaviləni rəsmiləşdirmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Konyaspor” klubunun prezidenti Mehmet Əli Kuntoğlu deyib.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun guya ki, anlaşdığı iddia olunan Superliqa təmsilçisinin rəhbəri transferlərlə bağlı planlarını açıqlayıb. Lakin “Neftçi”dən qovulan 27 yaşlı müdafiəçi “Konyaspor”un transfer siyahısına daxil deyil: “Norveçli Branimir Polyakın ardından Serhat Akınla da müqaviləni rəsmiləşdirdik. Onunla il yarımlıq anlaşdıq. Serhat komandamıza böyük fayda verəcək. “Kocaelispor”dan ayrılan Bülənt Bölükbaşı ilə də razılıq əldə etmişik. İndi onunla münasibətləri rəsmiləşdirmək qalır”.

Klub prezidenti daha bir oyunçu almaqla, transferlərin sayını planlaşdırılan həddə - 4-ə çatdıracaqlarını bildirib. Bu futbolçunun misirli Ayman olacağı gözlənilir. Belə ki, onunla prinsipial razılıq əldə olunub. Kuntoğlunun planlarında 5-ci futbolçuya yer olmadığı halda, Rəşadın bu komandaya keçidi də mümkünsüz sayılır.

Qeyd edək ki, Sadıqov təxminən üç ay əvvəl “Neftçi” klubundan kənarlaşdırılıb.
0