Azərbaycan çempionu “Aktobe”ni məğlub edib
22.01.2009 - 11:54
Azərbaycan çempionu “Aktobe”ni məğlub edib
Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin yarımfinalında görüşəcəyi “Aktobe” (Qazaxıstan) bizim üçün arzuolunmaz rəqibdir. Apasport.az saytının məlumatına görə, adıçəkilən yarışın tarixində ilk dəfə yarımfinalına çıxan Qazaxıstan çempionu “Neftçi” və “Xəzər-Lənkəran”ın “Birlik kuboku”nu qazandığı vaxtda - 2006 və 2008-ci illərdə qrupda rəqibi olub. Hər iki halda, Ağasəlim Mircavadovun çalışdırdığı komandalar asiyalılarla son turda görüşüb.

Həmin vaxt flaqmanla heç-heçə edən (1:1) Vladimir Muxanovun çalışdırdığı “Aktobe” “Xəzər-Lənkəran”ı üstələyib - 1:0. Bu, Lənkəran təmsilçisinin ötən il “Birlik kuboku”na sahib çıxdığı turnirdə yeganə məğlubiyyəti olub. Hər iki halda, qazaxıstanlılar qrupda qalsalar da, məhz komandalarımızla görüşdə münasib nəticə qazanacağı zaman ¼ finala yüksələcəkdi.

Göründüyü kimi, “Birlik kuboku”nda Qazaxıstan təmsilçisindən görüşdüyümüz yalnız “Aktobe” olub və hələ qələbə üzünə həsrətik. Bu komanda üzərində elə 2009-cu ildə qazandığımız yeganə qələbə qeyri-rəsmi matça təsadüf edib ki, “Xəzər-Lənkəran” Türkiyənin Antalya şəhərində keçirdiyi yoxlama matçında “Aktobe”ni 3:1 hesabı ilə məğlub edib. İqor Ponomaryovun çalışdırdığı komandadan qolların ikisi braziliyalı Mario Souza, birini isə bolqar İvan Svetkov vurub.

“Xəzər-Lənkəran” “Birlik kuboku”na “İnter” kimi Antalyada hazırlaşan “Aktobe”ni Moskvaya bu məğlubiyyətlə yola salıb. Muxanovun yetirmələrinin Rusiya paytaxtındakı turnirdə hələ uduzmadığını nəzərə alsaq, sonuncu məğlubiyyəti ötən il Azərbaycan çempionluğunu qazanan Lənkəran təmsilçisindən alıb.

“İnter”in “Aktobe” ilə yarımfinal oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komandamız debüt etdiyi turnirdə keçirdiyi dörd oyundan ikisini Orta Asiya təmsilçisinə qarşı keçirib. “Dordoy-Dinamo” (Qırğızıstan) ilə qolsuz heç-heçə edən “İnter” ¼ finalda Tacikistanın “Reqar-TadAZ” klubunu 2:0 hesabı ilə yenib.
0