Valentin Xodukin: “Aktobe”nin işinə meydanda baxacağıq
22.01.2009 - 13:20
Valentin Xodukin: “Aktobe”nin işinə meydanda baxacağıq
“Yarımfinaldakı rəqibimizin “Aktobe” olacağı gözlənilən idi. Hər halda, “MTZ-RİPO” ilə müqayisədə bu komandanın yarımfinala çıxmaq şansı daha yüksək qiymətləndirilirdi”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanı “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində təmsil edən “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Debüt etdikləri yarışın yarımfinalına yüksələn komandamız sabah Qazaxıstan çempionu “Aktobe” ilə görüşəcək. Xodukin rəqiblə müqayisədə finala çıxmaq şanslarının çox olması ilə razılaşmır: “Rəqib kifayət qədər güclü komandadır. Heyətində səviyyəli, tanınan futbolçular yer alıb. Belə futbolçulardan olan Andrey Lavriklə Konstantin Qolovskoyun Rusiya Premyer Liqasında oyun təcrübəsi böyükdür. Özü də onlar orta sahədə çıxış edirlər. Yarımmüdafiədə belə təcrübəli oyunçuların olması komandanın gücünə güc qatır. “Aktobe”nin cinah futbolçuları da kəsərli oyunu seçilir. Meydanda düzgün yerdəyişmələr edən Qazaxıstan çempionu atletik baxımdan xoş təsir bağışlayır. Yaxşı fiziki hazırlığa malik rəqiblə bizi çətin sınaq gözləyir”.

Proqnoz verməyi xoşlamayan 70 yaşlı çalışdırıcı finala çıxmaq şanslarını dəyərləndirmədi. Xodukin sözdə yox, əməli işdə özlərini göstərmək fikrində olduqlarını söyləyib: “Aktobe”nin “Birlik kuboku”nda Azərbaycan klublarına məğlub olmadığını, “Xəzər-Lənkəran”ın bu ay həmin komandaya Antalyada yoxlama matçında qalib gəldiyini bilirəm. Artıq Qazaxıstan çempionunun oyununu da gördük və bunu özümüz üçün təhlil etmişik. “Aktobe”yə gücümüzü meydanda göstərib, işlərinə orada baxacağıq. Heyətlə bağlı problemlərimiz qalmaqdadır. Cavid Hüseynov Antalyadakı hazırlıq prosesini boşa verdiyi üçün hələ tam hazır deyil. Buna görə də Tacikistanın “Reqar-TadAZ” klubu ilə ¼ final oyununda əsas heyətdə yer verdiyim futbolçunu fasiləyədək əvəzləməli oldum. Əsas qapıçımız Junior Vilson isə anasının ölümü ilə əlaqədar düşərgəmizi tərk etməli oldu”.
0