Rusiya - Azərbaycan görüşündə azarkeşlərimizə pulsuz bilet veriləcək
22.01.2009 - 17:30
Rusiya - Azərbaycan görüşündə azarkeşlərimizə pulsuz bilet veriləcək
Martın 28-də futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Moskvanın “Lujniki” stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyununu həmvətənlərimiz pulsuz izləyəcəklər. Bu haqda apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, Rusiya Futbol İttifaqı (RFİ) tərəfindən AFFA-ya 125 pulsuz bilet ayrılacaq: “Qrupda yer alan yığma rəsmilərinin ötən ilin yanvarında Almaniyanın Frankfurt şəhərində təşkil olunmuş görüşündə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, qonaq komandaya 125 pulsuz bilet verilir. Biz Rusiya - Azərbaycan oyunu üçün biletləri əldə etdikdən sonra bunları milli komandamızın azarkeşlərinə paylayacağıq”.

Bundan başqa, AFFA biletlərin ümumi sayının 5 faizini RFİ-dən pulla ala bilər: “Qonaq komandanın pulla ala biləcəyi ən yüksək hədd 5 faizdir. Yəni, biletlərin sayının məhz 5 faizini pulla almağımız mümkündür. Adətən səfər matçları zamanı azarkeşlər bizə bilet almaq üçün müraciət edirlər. Biz də qarşı tərəfdən bunu alıb, sonra onları azarkeşlərə çatdırırıq”.

Rusiyanın qonşu ölkə olduğunu, həmçinin paytaxt Moskvada və digər şəhərlərdə çoxlu soydaşımızın yaşadığını nəzərə alsaq, “Lujniki”də milli komandamızı böyük azarkeş ordusu dəstəkləyəcək. Bu baxımdan azərbaycanlıların yalnız “125 pulsuz bilet + 5 faiz” sistemi ilə kifayətlənməyəcəkləri, daha çox biletə zərurət yaranacağı ehtimal olunur. Nərimanoğlu vurğulayıb ki, həmyerlilərimiz kassalardan sərbəst şəkildə bilet almaqla da, oyunu canlı izləyə bilərlər.

Qeyd edək ki, “Lujniki” stadionunun tutumu 84 745 nəfərdir. “125 pulsuz bilet + 5 faiz” sisteminə görə, AFFA RFİ-dən maksimum 4360 bilet əldə edə bilər.
0