Rəşad da payını aldı, havadarları da
22.01.2009 - 17:56
Rəşad da payını aldı, havadarları da
Bu gün ATV telekanalının “Son xəbər” informasiya proqramının idman xəbərlərində Azərbaycan milli komandasının və “Neftçi” klubunun futbolçusu Rəşad Sadıqovla bağlı süjet efirə gedib. ATV telekanalının idman şöbəsinin müdiri İlkin Fikrətoğlunun hazırladığı süjetdə Sadıqovun Türkiyə klublarına keçidi ilə bağlı yayılan əsassız xəbərlərə, 3 ay öncə “Neftçi”nin əsas heyətindən qovulan müdafiəçinin yolunda dəridən-qabıqdan çıxan jurnalistlərin çirkin fəaliyyətinə münasibət bildirilib. Apasport.az saytı Azərbaycanın ən güclü idman yazarlarından biri İlkin Fikrətoğlunun fikirlərini olduğu kimi təqdim edir:

“Rəşad Sadıqovun transfer məsələsi lap tapmacaya dönüb. Bəzi media nümayəndələri hər gün onunla bağlı bir yalanı azarkeşlərə sırıyır. Özünü Azərbaycanın ən səviyyəli oyunçusu hesab edən Sadıqovun klub axtarışları isə hələ də nəticə vermir.

Halbuki son 1 ayda Rəşadın 3 komandayla müqavilə bağlaması haqda xəbərlər gəlib. Müdafiəçinin ucuz reklamına çalışan bir qrup əvvəlcə böyük hay-küylə onun İspaniyanın “Valyadolid” klubunda bəyənilmək üzrə olduğunu bildirdi. Amma “Neftçi”yə lazım olmayan birisini təbii ki, “Valyadolid” qətiyyən bəyənməzdi. Futbolçumuz bu komandanın ƏSAS yox, ƏVƏZEDİCİ oyunçuları ilə 2-3 gün məşq etdikdən sonra İspaniyaya əbəs yerə gəldiyini başa düşüb qardaş Türkiyəyə üz tutdu.

Türkiyəyə gələr-gəlməz Sadıqova xüsusi rəğbəti olan bəzi jurnalistlərimiz onun “Kocaelispor”la müqavilə bağladığını car çəkdi. Sonra isə başladılar bu xəbəri mərhələ-mərhələ təkzib etməyə. Əvvəlcə yazıldı ki, türklər Rəşadı bəyənir, amma Rəşad Kocaelidəki vəziyyətdən razı deyil. Sonra problemin maliyyə ilə bağlı olduğu deyildi. Bir də xəbər gəldi ki, Rəşad artıq “Konyaspor”dadır. Və o arada qeyri-adi bir iş oldu.

Rəşad Sadıqovla heç bir bağlılığı olmayan, sadəcə Türkiyəyə toplanışa yollanan “Qarabağ” klubu hazırlıq keçməli, transferlər etməli olduğu halda, özünə aidiyyatı olmayan işi görüb, müdafiəçinin Konya təmsilçisi ilə müqavilə bağlaması haqda açıqlama yaydı. Yəqin ki, dünya futbol tarixində buna bənzər hadisə tapılmaz ki, hansısa klub ona qətiyyən bağlılığı olmayan futbolçunun transferi haqda xəbər yaysın.

Sonrakı hadisələri isə biabırçılıq adlandırmaq olar: “Konyaspor”un baş məşqçisi Giray Bulak apasport.az saytına bildirdi ki, o, nə Rəşad Sadıqovu tanıyır, nə də oyununu görüb. Bir müddət sonra Giray Bulak Sadıqovla tanış olub onun oyununu izlədikdən sonra isə belə açıqlama verdi: “Rəşad Sadıqov komandamızda oynamaq istəyirdi. Amma onun müəyyən problemləri var. Getsin problemini həll etsin”.

İndi Rəşadın birinci liqanın ən zəif komandası “Sakaryaspor”da baxışda olması xəbəri yayılıb. Bəzi mənbələrdə isə Sadıqovun yenidən “Kocaelispor”da peyda olduğu bildirilir. Bəlkə hazırda heç Rəşad özü də harada olduğunu bilmir. Belə çıxır ki, ya Rəşad bir qrup jurnalistin sayəsində reklam olunub transfer qiymətini qaldırmağa çalışır, ya da həmin media nümayəndələri aralarındakı hörmət-izzətə görə bu cür yalanlarla onu populyarlaşdırır.

Hər halda oxucuya, tamaşaçıya, azarkeşə gündə bir yalan danışmaq nə Rəşad Sadıqova başucalığı gətirir, nə də jurnalistlərə. Arxı hoppanıb sonra bərəkallah demək lazımdır”.
0