“Xəzər-Lənkəran” asiyalıları üstələdi
22.01.2009 - 18:38
“Xəzər-Lənkəran” asiyalıları üstələdi
“Xəzər-Lənkəran” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında dördüncü qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, İqor Ponomaryovun komandası “Aktobe”dən sonra Qazaxıstanın daha bir yüksək liqa təmsilçisi “Atırau” klubunu məğlub edib. 1:0 hesabı ilə başa çatan qarşılaşmada yeganə qolun müəllifi Ceyhun Sultanov olub.

Əvvəlki yoxlama oyunlarda daha çox ehtiyatda qalmış futbolçulara şans verən Ponomaryov bu dəfə əsas heyətdə Dmitri Kramarenko, Denis Silva, Muammer Ərdoğan, Füzuli Məmmədov, Bençena, Göksel Akınçı, Alim Qurbanov, Renato, Rahid Əmirquliyev, Ceyhun Sultanov və Klaudio Radukanunu meydana buraxıb. İkinci hissədə isə braziliyalı yarımmüdafiəçilər Junior Osvaldo ilə Romulo Silvano oyuna daxil olub.

İki gün sonra Rusiya çempionatının birinci divizionunda çıxış edən Xabarovskun “OİK-Energi” klubu ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub. “Xəzər-Lənkəran” Antalyadakı hazırkı toplanışda yeganə məğlubiyyəti (1:2) məhz Rusiyanın birinci divizion təmsilçisi – Belqorod “Salyut-Energi”sindən alıb.
0