Azərbaycanlı hakimin Antalyadakı sərgüzəştləri
23.01.2009 - 00:09
Azərbaycanlı hakimin Antalyadakı sərgüzəştləri
Azərbaycanlı hakimin Türkiyənin Antalya şəhərində idarə etdiyi yoxlama oyununda qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, insidentə Rusiyanın “Amkar” və Almaniyanın “Kikkers-Offenbax” klubları arasında keçirilən görüşü idarə edən Fuad Həsənovun buraxdığı səhvlər səbəb olub. Gənc hakimimizin idarəçiliyi Rusiya, həmçinin Perm təmsilçisinin baş məşqçisi və bir neçə oyunçusunun bolqarıstanlı olması üzündən bu ölkənin mətbuatının da diqqət mərkəzinə düşüb.

Həsənov almanların qalib (2:0) gəldiyi matçın idarəçiliyini 35-ci dəqiqədə itirib. “Amkar”da baxışda olan israilli Mixail Kirtavaya sarı vərəqə göstərən Fuad az keçməmiş onu meydandan qovub. İkinci sarı vərəqənin səbəbi isə hətta almanların da təəccübünə səbəb olub. Belə ki, “Fair Play” qaydalarına əməl edib, topun rəqibə keçməsi üçün onu yan xətdən çıxaran futbolçu önündə vərəqə görüb. Bu hərəkəti düzgün qiymətləndirməyən hakimimiz “Kikkers-Offenbax” oyunçularının xahiş-minnətinə də qulaq asmayıb. Baş verənlərə inanmayan almanlar da Həsənovdan qırmızı vərəqə ilə bağlı qərarını dəyişməyi xahiş edirmiş.

Fasilədə hər iki klubun rəhbərliyi yoxlama görüşünə xas şəkildə qırmızı vərəqə alan futbolçunun başqası ilə əvəzlənməsini, bununla da meydanda say tarazlığının yaranmasını təmin etmək üçün hakimə müraciət edib. Həsənov bunu komandaların ixtiyarına buraxsa da, bu dəfə almanlar fikrindən dönüb. Amma hakimimiz rusların daha bir oyunçusunu bolqar Georgi Peyevi də meydandan qovmağı lazım bilib. Özü də Kirtava ilə vəziyyətdə olduğu kimi, bu qərar yenə rusların narazılığına səbəb olub. Almanların hər iki qolunun da penaltidən vurulduğundan narazı qalan şimallılar 60-cı dəqiqədəki epizodu indiyədək dərk edə bilmir. Belə ki, topun rus futbolçunun əlinə necə dəydiyini orada olanlardan heç kim başa düşməyib.

Qeyd edək ki, Həsənovun bu oyundakı köməkçiləri Azad Q.Hüseynov, Rauf Cabbarov, Tağı Məmmədov olub.
0