Ağasəlim Mircavadovun favoritləri
23.01.2009 - 00:18
Ağasəlim Mircavadovun favoritləri
“İnter”in “Birlik kuboku”nun yarımfinalındakı rəqibi “Aktobe” mənə yaxşı tanışdır. Bu komanda özünəməxsus oyun üslubu ilə seçilir. Qazaxlar güc futboluna üstünlük verirlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

62 yaşlı mütəxəssis “Neftçi” və “Xəzər-Lənkəran” klublarının çalışdırıcısı kimi, iki dəfə qalibi olduğu turnirdə “Aktobe” ilə qrup oyunlarında qələbə qazana bilməyib (1:1 və 0:1). Mircavadov bunu rəqibin gücü ilə əlaqələndirib: “Aktobe”nin oyunçuları meydanda işgüzardırlar. Qazaxıstan futbolu hələ SSRİ-i dövründə fiziki, atletik planda seçilib. Bu mənada “Kayrat” klubunu qeyd etmək olar. Qazaxların texniki-taktiki cəhətdən olmasa da, fiziki hazırlıqları yaxşı olub. Bununla belə, “İnter”in “Aktobe”dən üstünlükləri var. Birincisi, Qazaxıstanda Rusiyada olduğu kimi, mövsüm “yaz-payız” sistemi ilə keçirilir. Yəni, onlar mövsümə hazırlığa yeni başlayıblar və “İnter” oyun praktikası planında rəqibini üstələyir. İkincisi, komandamız ¼ finalda Tacikistan, “Aktobe” isə Belarus təmsilçisini yendi. Hər halda, Belarus futbolu Tacikistandan öndədir və qazaxlar “MTZ-RİPO”ni asanlıqla böyük hesabla məğlub etdi. Nəhayət, “İnter”in ehtiyat oyunçular skamyası çox genişdir və ukraynalı həmkarım Valentin Xodukin yerdəyişmələr edə bilər”.

Mircavadov bütün bunlara baxmayaraq, son Azərbaycan çempionunun bu günkü oyunda arxayınlaşmasına əsas görmür: “Aktobe” ilk dəfədir turnirin yarımfinalına çıxıb və kuboku qazanmaq iddiası böyükdür. Vacib oyunlarda isə istək həlledici amil olur. Digər yarımfinal oyununda görüşəcək Moldovanın “Şerif” və Özbəkistanın “Paxtakor” klubları da mənə yaxşı tanışdır. “Birlik kuboku”nda hər ikisini məğlub etmişəm. “Paxtakor” ardıcıl üçüncü il finala çıxmaq, “Şerif” isə nəhayət, kuboku qazanmaq əzmindədir. Onları “Birlik kuboku”nun favoritləri sayıram. “İnter”in da şansını yüksək qiymətləndirirəm. Çox istərdim ki, kuboku yenə komandamız qazansın”.

Qeyd edək ki, son “Birlik kuboku”nun qalibi Mircavadovun rəhbərlik etdiyi “Xəzər-Lənkəran” olub.
0