Vlastimil Petrjela: Yenidən Azərbaycanda işləmək variantım var
23.01.2009 - 10:56
Vlastimil Petrjela: Yenidən Azərbaycanda işləmək variantım var
“Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiyada çalışmayacaq. Apasport.az saytının məlumatına görə, vaxtilə “Zenit”i çalışdıran 56 yaşlı çexiyalı mütəxəssis bu ölkənin birinci divizionunda çıxış edən “Nijni-Novqorod” klubuna baş məşqçi postuna təklif olunsa da, təyinat reallaşmayacaq. Ötənlərin məşhur futbolçusu İlya Tsımbaların öz istəyi ilə gedişindən sonra baş məşqçi axtaran birinci divizion təmsilçisinin prezidenti Aleksey Qoyxman artıq seçimini edib: “Ola bilsin ki, Tsımbalar hələ birinci divizionda işləməyə özünü hazır saymır. Onun gedişindən beş dəqiqə sonra Petrjelanın agentindən zəng gəldi. Biz Petrjelanın da xidmətindən imtina etdik. Yeni baş məşqçimiz Tsımbaların köməkçisi olmuş Mixail Afonin olacaq”.

Petrjela isə bu arada Rusiyanın birinci divizionuna qayıdan Vladivostokun “Luç-Enerji” klubundan təklif alsa da, bunu dəyərləndirməyib. Sən demə, çexiyalı qovulduğu Azərbaycanda yenidən çalışmaq variantına heç də pis baxmır: “Yaxınlarda müalicə tam başa çatdı və klinikadan çıxmışam. Hazırda özümü əla hiss edirəm. İndi çoxlu təkliflərim var. “Luç-Enerji” ilə danışıqlarım oldu. Ancaq Vladivostok çox uzaqdır. Yeni il öncəsi “Alaniya” klubundan zəng olmuşdu. Ancaq Vladiqafqaz da uzaq olduğu üçün dərhal imtina etdim. Hazırda Bolqarıstan və Azərbaycanda işləmək variantlarım var. Məni Azərbaycana, habelə Sofiya MOİK-nə çağırırlar”.

Petrjelanın sözlərinə görə, indi onun üçün əsas düzgün seçim etməkdir: “Qarşısına böyük məqsədlər qoyan komandada işləmək istəyirəm. İşim üçün darıxmışam. Məşqçilik fəaliyyətinə qayıtmağı arzulayıram”.

Qeyd edək ki, Petrjela 2007/08 mövsümün ilk dövrəsində “Neftçi”də 4 ay baş məşqçi işləyib. O, ötən ilin yanvarın ilk günlərində istefaya göndərilib.
0