“Neftçi” 300 min avroluq hücumçu ilə müqavilə bağladı
23.01.2009 - 15:14
“Neftçi” 300 min avroluq hücumçu ilə müqavilə bağladı
“Neftçi” rumıniyalı futbolçu transfer edib. Apasport.az saytının məlumatına görə, hücumçu problemi olan flaqman Buxarestin “Styaua” klubundan Adrian Nyaqanı alıb. Komandamız artıq 30 yaşlı forvardla il yarımlıq müqavilə imzalayıb.

Adrianın bir mövsüm üçün məvacibi təxminən 300 min avro olacaq. 1979-cu il iyunun 4-də anadan Nyaqa 1,78 metr boya malikdir. Peşəkar karyerasına vətənində “Arceş”də (1997-98, 1999-2001, 52 oyun, 15 qol) başlayan rumıniyalı daha sonra Piteştinin digər təmsilçisi “Daçiya”da oynayıb (1998-99, 20 oyun, 10 qol).

Karyerasının əsas hissəsi “Styaua”da ilə bağlı olan Adrian (2001-03, 2003-05, 2007-09) müxtəlif vaxtlarda keçirdiyi 78 oyunda 16 qol vurub. 2001-ci ildə “Styaua”ya keçəndə transfer qiyməti 1 milyon dollar olan Nyaqa Rumıniya çempionluğu qazandığı komandada möhkəmlənə bilməyib və Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubuna icarəyə verilib.

Cənubi Koreyada da oynayan “Neftçi”nin yeni transferi “Çunnam Draqons” (2005-06, 62 oyun, 17 qol) və “Seonqam İlhva Çunma” (2006-07, 11 oyun, 5 qol) klublarında çıxış edib.

Qeyd edək ki, Adrian 11 il öncə Bakıya gəlib. O, UEFA kubokunda hər iki oyunda məğlub etdikləri (5:1 və 2:0) “Dinamo” ilə görüşdə iştirak edib.