Musayev emosiyalarını cilovlaya bilmirdi...
23.01.2009 - 15:31
Musayev emosiyalarını cilovlaya bilmirdi...
“Neftçi” klubunun çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjelanın apasport.az saytına müsahibəsi

- Cənab Petrjela, uzun müddət Ruhi-Əsəb Xəstəxanasında müalicə olundunuz. İndi özünüzü necə hiss edirsiniz?
- Əla, müalicəm uğurla başa çatdı və artıq klinikadan çıxmışam. Sağlamlığıma, xüsusi fiziki durumuma diqqət yetirirəm. İdmanla məşğul olmaqla, fiziki formamı saxlayıram. Məşqçilik fəaliyyəti üçün darıxmışam. Hazırda çoxlu variantlarım var və bunları nəzərdən keçirirəm.

- Rusiya mətbuatına Azərbaycan və Bolqarıstanda çalışmaq variantlarının olduğunu bildirmisiniz. Bolqarıstanda Sofiya MOİK-nin adını çəksəniz də, ölkəmizdən hansı klubdan sizinlə maraqlandığını deməmisiniz. Sadəcə, “Məni Azərbaycana çağırırlar” söyləmisiniz. Bilmək olarmı, bu hansı komandadır?
- Demişəm ki, Azərbaycandan mənimlə əlaqə saxlayırlar. İdman jurnalistləri zəng edir. Onlarla futbolunuz, problemlərlə bağlı fikir mübadiləsi aparırıq. Məndən yenidən Azərbaycanda çalışmaq variantını soruşanda, buna müsbət baxdığımı demişəm. Yəni, ölkənizdə bir daha çalışmaq istərdim və bu, mümkündür. Ancaq hələlik konkret təklif yoxdur.

- Sizi “Neftçi” klubundan kənarlaşdırdılar və Azərbaycanı narazı tərk etdiniz. Çexiyaya qayıdandan sonra futbolumuz, “Neftçi” ilə bağlı xoş olmayan fikirlər səsləndirdiniz. Belə çıxır ki, bütün bunlardan sonra geri qayıtmağa hazırsınız?
- Mənim Azərbaycanla, futbolunuzla bağlı problemim olmayıb. Problemim bir nəfərlə, həmin vaxt “Neftçi”nin vitse-prezidenti postunu tutan Ramin Musayev idi. Bu da artıq arxada qalıb.

- İndi Musayevlə münasibətləriniz qaydasındadır?
- Onunla artıq problemim yoxdur. Musayevdən incik deyiləm, ona kin saxlamıram. Ola bilsin ki, Musayev emosiyalarını cilovlaya bilmədiyi üçün reaksiyalarını bildirirdi. Niyə belə etdiyini başa düşmürdüm. Nə isə, bunlar artıq keçmişdə qaldı və buna qayıtmaq istəmirəm. Səhv etmirəmsə, “Neftçi”dən gedəndən sonra Azərbaycan Peşəkar Futbol Liqasında prezidenti postunda çalışır.

- Doğrudur.
- Ona yeni işində uğurlar arzulayıram.

- Müalicə olduğunuz müddətdə keçmiş həyat yoldaşınız Zuzanna belə bir açıqlama vermişdi ki, sizə “Neftçi”də yola getmədiyiniz bir şəxs zəng edib. Belə çıxır ki, bu, Ramin Musayev imiş?
- Klinikada olanda Musayev zəng edərək, məndən əhvalımı soruşub. Sonradan onunla danışdım. Azərbaycan futbolundakı son durum, “Neftçi”nin çıxışı haqda xəbər aldım. Ancaq bir daha deyirəm ki, ölkənizdən konkret təklif almamışam. Musayev mənə “Neftçi”nin ötən mövsümkü çıxışı haqda bilgi verdi. Məlum oldu ki, komanda nə çempionluğu, nə də kuboku qazana bildi və mövsümü 3-cü yerdə başa vurdu.

- Halbuki, siz “Neftçi”ni çempion edəcəyinizə söz vermişdiniz...
- Doğrudur. Bunu gerçəkləşdirəcəyimə şübhəm yox idi. Çünki həmin vaxt “Neftçi” güclü və çempion olmağa hazır idi.

- Son vaxtlar futbolumuz, xüsusilə milli komandamızın çıxışı haqda nə məlumatınız var?
- Bilirəm ki, Azərbaycan öz meydanında Lixtenşteyni məğlub edə bilməyib, oyun qolsuz heç-heçə ilə başa çatıb.

- Sizcə, yığmamız alman mütəxəssis Berti Foqtsun rəhbərliyi altında nəyə ümid edə bilər?
- Foqts yaxşı futbolçu olub, oyununu görmüşəm. Ancaq məşqçilik fəaliyyəti haqda məlumatım yoxdur. Bu səbəbdən də alman həmkarımın məşqçilik fəaliyyətinə qiymət verə bilmərəm.

- Axı Foqtsun 1996-cı ildə Almaniya yığmasına Avropa çempionluğu qazandırması hamıya məlumdur. Özü də finalda Çexiyanı 2:1 hesabı ilə yenib...
- Bilirəm. Ancaq bu, hələ heç nə demək deyil. İndi Foqts ona tanış olmayan ölkədə çalışır. Azərbaycanda çalışarkən ilk növbədə mentaliteti bilmək lazımdır.

- “Neftçi”nin cari mövsümdəki çıxışınızı izləyirsinizmi? Komanda ilk dövrəni 9-cu yerdə başa vurub...
- Keçmiş komandamın niyə belə zəif çıxış etməsi hələ də mənim üçün qaranlıq qalır. Bunu eşidəndə şoka düşdüm.

- Necə fikirləşirsiniz, bəlkə problem son vaxtlar tez-tez edilən baş məşqçi dəyişikliyidir?
- Bu, klubun siyasətidir. Məni o vaxt saxlasaydılar, “Neftçi”ni çempion edəcəkdim.

- Hazırda “Neftçi”ni çalışdıran almaniyalı Hans-Yurgen Gede ilk dövrənin gedişində bir sıra futbolçuları, o cümlədən Rəşad Sadıqov, Aleksandr Çertoqanov və Georgi Adamiyanı heyətdən kənarlaşdırdı...
- İşin içində deyiləm və buna görə də baş verənlərin səbəbini deyə bilmərəm.

- Xələfiniz Anatoli Demyanenko da “Neftçi”nin sükanı arxasında çox qalmadı. O da sizin kimi infrastrukturundan gileylənirdi...
- Demyanenkonun problemləri haqda bir şey deyə bilmərəm. Mənim vaxtımda qarşıya qoyulan məqsədə çatmaq üçün heyəti gücləndirmək lazım idi. Yaxşı futbolçuların alınmasını, meydançaların tikilməsini, “Neftçi”nin yaxşı stadionunun olunmasını istəyirdim. Klub prezidenti də bu işlərin görülməsində maraqlı idi.

- Yenidən “Neftçi”ni çalışdırmaq təklifi gəlsə, bunu qəbul edərsiniz?
- Əlbəttə. Niyə də olmasın? Azərbaycana böyük ümidlərlə gəlmişdim, həvəslə çalışırdım. Bu komanda mənim üçün yad deyil. Qarşısına ciddi məqsədlər qoyan klubda işləmək istəyirəm. Elə bir klub olsun ki, həm çempionluq, həm də kubok uğrunda mübarizə aparsın. Dediyim kimi, təkliflər çoxdur və onları nəzərdən keçirib, düzgün seçim etmək istəyirəm.

- Belə başa düşdük ki, seçiminizdə yanılmaq istəmirsiniz. Hansı ölkələrdə çalışmağı arzulayırsınız?
- Daha çox Rusiyada. Ya da rusdilli ölkələrdə. Yəni dil, anlaşma baxımdan problem yaşamaq istəmirəm.

- Keçmiş həyat yoldaşınız kazino oyunlarına ehtirasınızdan bəhs edərkən deyib ki, siz “Neftçi”də işlədiyiniz müddətdə də pul uduzmusunuz. Doğrudanmı, Bakıda yaşadığınız dörd ayda belə şey olub?
- Yox. Ölkənizdə çalışdığım dövrdə kazinoda oynamamışam. “Neftçi”nin baş məşqçisi olduğum vaxtda bütün diqqətimi futbola yönəltmişdim.

- Hər halda, kazino əyləncəsi sizin üçün bir xəstəliyə çevrilmişdi. 18-19 milyon avro uduzduğunuzu özünüzü də etiraf etmisiniz...
- Həqiqətən də kazinoda böyük pullar uduzmuşam, bunu danmıram. Həmin məbləğə bir zavod almaq olardı. Ancaq kazino daha məni cəlb etmir. Müalicənin böyük faydası dəydi. Futbola qayıtmaq, məşqçilik fəaliyyətimdə növbəti uğurlar qazanmaq istəyirəm.
0