“Azərbaycan çempionu istənilən rəqibə problem yarada bilər”
23.01.2009 - 16:39
“Azərbaycan çempionu istənilən rəqibə problem yarada bilər”
“Yarımfinala çıxmaq yaxşıdır, ancaq turnirin qalibi olmaq daha yaxşıdır. Hətta belə deyərdim, yarımfinalda qələbə qazanıb finala çıxmaq haqda düşünməmək olmur”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin yarımfinalında rəqibi olan Qazaxıstanın “Aktobe” komandasının baş məşqçisi Vladimir Muxanov deyib.

Onun sözlərinə görə, “İnter” cənub klublarına xas oyun sərgiləyir: “Bütün cənub komandaları demək olar eyni futbol nümayiş etdirir. Oyunçuları parlaq, cəld, sürətli, yaxşı texnikaya malikdirlər. Oyunun düzgün qurulması nəticəsində istənilən rəqibə problem yarada bilər. “İnter” layiqli komandadır. “Birlik kuboku” da onunla maraqlıdır ki, müxtəlif futbol məktəblərinin nümayəndələri ilə oynamaq imkanı əldə edirsən”.

Muxanovun fikrincə, Azərbaycan çempionu ilə bugünkü görüşdə futbolçularının bərpa prosesindən çox şey asılı olacaq: “Əlbəttə, çox şey oyunçuların normal istirahət edə bilməyindən asılı olacaq. Artıq dörd oyun keçirmişik. “İnter”lə oyun bir həftədə beşinci olacaq. Yükləmələr ağırdır. Təəssüf ki, növbə ilə oynaya bilən iki eyni səviyyəli heyətimiz yoxdur. Bir qrup əsas və onlara kömək edən futbolçularımız var”.

Qeyd edək ki, “İnter” ilə “Aktobe” arasında yarımfinal oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0