Batista “Bakı”ya gəlir
23.01.2009 - 17:06
Batista “Bakı”ya gəlir
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Bakı” hücumçu Alfred Emoefeni heyətinə cəlb edib. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, son vaxtlar İsveçrədə oynayan 26 yaşlı nigeriyalı futbolçu barədə qərar yaxın günlərdə veriləcək: “Alfred də Misirli Hasan Suari kimi baxışda keçməlidir. Hazırda ən böyük ehtiyacımız hücumçuyadır. Ön xəttə səviyyəli futbolçu transfer etmək istəyirik. Hazırda düşərgəmizdə olan afrikalıları yoxlayacağıq. Türkiyənin “Antalyaspor” klubundan ayrılan Zimbabve yığmasının hücumçu Yozef Nqvenja birbaşa müqaviləyə gəlmək istəyir. Onun istədiyi pulla bizim təklif etdiyimiz uyğun gəlmir. “Bakı” 250 min avro istəyən Yozefə 150 min dollar verməyə hazırdır. Futbolçunun meneceri ilə danışıqlarda hələ ki maddi məsələlərdə razılığa gələ bilməmişik”.

İsveçrənin birinci liqasında çıxış edən “Vöhlen” klubundan gələn Alfred cari mövsümdə keçirdiyi 11 oyunda 4 qol vurub. 1,90 metr boya malik hücumçu 2003-cü ildə İsveçrə çempionu “Qrasshopers”ə transfer olunub. Ötən ildən “Vohlen”də oynayan Emoefe 2000-2003-cü illərdə Niferiyanın gənclər yığmasında 20 oyunda 7 qol imza atıb.

Daha bir hücumu isə “Bakı”ya sabah baxışa gələcək. Bu, Ukraynanın “Xarkov” klubunun 29 yaşlı hücumçusu Vilyam Roşa Batistadır. 1,86 metr boyu olan braziliyalı cari mövsümdə 9 oyunda 2 qol vurub. Ümumilikdə Ukrayna çempionatında 53 görüşdə iştirak edən Batista 17 dəfə fərqlənib.

Qeyd edək ki, “Bakı” yaxın günlərdə daha bir neçə oyunçu Antalyaya baxışa çağıracaq.



0