Zaur Axundov: “Neftçi” rəhbərliyi futzala xüsusi diqqət yetirir
23.01.2009 - 17:49
Zaur Axundov: “Neftçi” rəhbərliyi futzala xüsusi diqqət yetirir
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, qurumun rəhbəri ölkəmizdə təşkil olunan II Bakı Beynəlxalq Futzal Turniri ilə bağlı fikirlərini bildirib.

- Əvvəlcə paytaxtda keçiriləcək sayca II Bakı Beynəlxalq Futzal Turniri barədə məlumat verməyinizi xahiş edirik…
- Ötən il də keçirilən bu turnir artıq ənənə halını alıb. Keçən il olduğu kimi, builki turnirdə də əsas təşkilati işləri AFFA həyata keçirib. Assosiasiya rəhbərliyi Bakıya iştirakçı komandaların gəlməsi, getməsi, qarşılanması, yerləşdirilməsi kimi məsələləri həll edib. Məncə, bu turnir ölkədə futzalın inkişafı üçün təkan olacaq. II Bakı Beynəlxalq Futzal Turnirinin bütün oyunlarını “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

- Turnirin ikinci dəfə ölkəmizdə keçirilməsini bu idman oyununa olan marağın nəticəsi kimi dəyərləndirmək olarmı?
- Əlbəttə, Azərbaycanda futzala hər zaman böyük maraq və diqqət olub. Bir faktı qeyd edim ki, cari ölkə birinciliyinin güclülər dəstəsində artıq 8, həvəskarlar dəstəsində isə 12 komanda iştirak edir. Bu gün oyunları izləyən azarkeşlərin sayında da artım var. Xüsusilə də həvəskar komandaların şərəfini qoruyan 17-18 yaşlı futzalçıların olması bu idman növünün yüksək templə inkişafından xəbər verir. Bizim də əsas məqsədimiz həmin gəncləri yığma komanda üçün hazırlamaqdan ibarətdir.

- Yığmamızı qarşıda mühüm oyunlar gözləyir. Komanda bu görüşlərə necə hazırlaşır?
- Bildiyiniz kimi, FİFA bir neçə gün əvvəl futzal üzrə yığma komandaların reytinq siyahısını açıqlayıb. Yığma komandamız 160 ölkə təmsilçisi arasında 28-ci pillədə qərarlaşıb. Bu da millinin son 2-3 il ərzindəki uğurlu çıxışının nəticəsidir. Bundan başqa, “Araz” da artıq Avropada söz sahibidir. Komandamız reytinq sıralamasında 6-7-ci pillələri bölüşdürür. UEFA-nın açıqladığı siyahıda isə millimiz 10-12-ci yerlərdə qərarlaşıb. Martda keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yığmamız Portuqaliya və Polşadan başqa, 4-cü qrupdan gələcək komandayla qarşılaşacaq. Həmin rəqibin adı fevralda keçiriləcək oyunlardan sonra məlum olacaq. Yığmamızın yer aldığı qrupun oyunları Portuqaliyada keçiriləcək. Biz həmin oyunlara daha ciddi hazırlaşırıq. Artıq 4 braziliyalı futzalçı dəvət edilib və onlar millimizin də formasını geyinəcəklər. Bu gün isə San Paolo şəhərində Tiaqo Qonzales adlı daha bir təcrübəli futzalçı ölkəmizə gələcək. O, bir neçə il Braziliya, İspaniya, İtaliya kimi ölkələrin çempionatlarında çıxış edib. Futzalçını beynəlxalq turnirdə də sınayacağıq. Əgər səviyyəsi bizi qane etsə, yığmaya dəvət edəcəyik. Ondan başqa, Moskva “Dina”sının formasını geyinən Vitali Borisov da artıq 2 gündür millinin düşərgəsindədir və komandanın hazırlığında iştirak edir. Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov, Ağatahir Əzimov, Marat Salyanski, Elnur Əzimov kimi təcrübəli futzalçılar üçün cari qitə birinciliyinin qrup oyunları finala gedən yolda son şansdır. Onlar özlərini yaxşı tərəfdən göstərməlidirlər ki, millimiz tarixdə ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazansın.

- Ölkə çempionatının gedişatı necə, sizi qane edirmi?
- Bəli, çempionatın gedişindən razıyam. Əvvəllər komandaların sayı az idi. Belə olan təqdirdə isə vaxtımız çox olurdu. İndi əksinədir. Vaxt az, komandaların sayı isə çoxdur. Həm ölkə kuboku, həm çempionat, həm də həvəskarlar dəstəsində keçirilən oyunlardan başqa, futzalın 40 illiyi ilə əlaqədar tədbir də keçirməyi planlaşdırırıq. Klublara gəldikdə, “Neftçi”nin rəhbərliyi futzala xüsusi diqqət yetirir. Məndə olan məlumata görə, komanda 5-6 yeni oyunçu ilə anlaşıb. “Ekol”, “Azmetko” da “Araz”la rəqabət aparmaq üçün müəyyən işlər görür. Bu da futzalın səviyyəsinin artmasına xidmət edir.

- Uşaqlar arasında turnirlərin keçirilməsi planda varmı?
- Regionlarda da futzalın inkişafına nail olmaq üçün müəyyən işlər görülür. Bildiyiniz kimi, artıq Lənkəran təmsilçisi futzal üzrə ölkə çempionatında da çıxış edib. Bundan başqa, Masallıda klub yaradılıb və onların yeni mövsümdən çempionatda çıxış edəcəyi gözlənilir. Təbii ki, klublarla yanaşı orta məktəb komandaları arasında da yarışlar təşkil edilir və federasiya əməkdaşları həm Bakının rayonlarında, həm də bölgələrdə keçirilən oyunlarda iştirak edirlər.

- Çempionat və ya kubok oyunlarının regionlarda keçirilməsi gündəmdədirmi?
- Belə bir fikirmiz var. İstəyirik ki, cari ölkə kubokunun final oyununu bölgələrdən birində təşkil edək. Bildiyiniz kimi, bu gün ölkənin əksər bölgələrində müasir standartlara cavab verən Olimpiya kompleksləri tikilib. Həmin komplekslərin idman zalları bu tip oyunların keçirilməsi üçün tam əlverişlidir.

- Hakimlərin səviyyəsi barədə nə deyə bilərsiniz?
- Həm biz, həm də AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov əksər oyunları izləyirik. Bu da hakimlərin məsuliyyətini bir qədər də artırır. Əlbəttə, müəyyən səhvlər olur. Bir müddət əvvəl həvəskar komandalar arasında müəyyən qalmaqal baş verdi. Ancaq hakim səhv edibsə, bu heç də kiməsə meydanda sərt şəkildə etiraz etməyə icazə vermir. Bunun üçün İntizam Komitəsi var. Ümumi götürdükdə, hakimlərimizin ölkə çempionatının oyunlarını yüksək səviyyədə idarə etdiyini qeyd edə bilərəm.

- Futzalın kütləviliyinin təmin olunması ilə bağlı nə kimi işlər görməyi planlaşdırırsınız?
- Hazırda Bakının 11 rayonunun hamısında orta məktəb uşaqlarından təşkil edilmiş komandalar arasında yarış keçirilir və futzal federasiyasının rəhbər işçiləri bütün oyunları izləyir. Yəni yarış zamanı biz məktəblilərin futzala olan marağının şahidi oluruq. Bundan başqa, Sumayıtda 1992, 1993 və 1994-cü il təvəllüdlü futzalçıları özündə birləşdirən klublar yaranıb. Federasiya rəhbərliyi daim onlarla maraqlanır və əlaqə saxlayır.

- Necə düşünürsünüz, növbəti ölkə çempionatında çıxış edəcək klubların sayında artım müşahidə ediləcəkmi?
- Cari birincilik 8 klubun iştirakı ilə keçirilir və bu bizi qane edir. Çünki birincilik 3 dövrədən ibarətdir. Ancaq bununla kifayətlənmək fikrimiz yoxdur. Məqsədimiz peşəkar komandaların sayını minimum 10-a, həvəskarları isə 14-ə yüksəltməkdir. İmkan olsa, peşəkarların sayını 12 və ya 14-ə çatdırmağı da düşünürük.

- Komandaların sayı artdıqdan sonra meydan məsələsi problem yaratmayacaq?
- Nə Bakıda, nə də bölgələrdə meydan problemi var. Hətta biz İsveçrədə olanda gələn il keçiriləcək dünya çempionatının seçmə oyunları üçün Bakı İdman Sarayı və Heydər Əliyev adına İdman-Konsert Kompleksi haqqında lazım olan məlumatları təqdim etdik. Onlar hər iki idman qurğusunu bəyəndilər. Bildiyiniz kimi, Bakı İdman Sarayı 2000, Heydər Əliyev adına İdman Konsert Kompleksi isə 5000-dən artıq azarkeş tutumuna malikdir.

- Sonda azarkeşlərə nə demək istərdiniz?
- Biz azarkeşlərdən çox razıyıq. Onlar həm klubların, həm də yığmanın oyunlarını hər zaman izləyir və dəstəkləyirlər. Elə beynəlxalq turnir çərçivəsində yığmamızın keçirəcəyi oyunları axşam saatına salmağımız da sırf bununla bağlıdır. İstəyirik ki, azarkeşlərimiz yenə yığmamızı qələbəyə səsləsinlər.
0