“Şerif” “Birlik kuboku”nun ilk finalçısı oldu
23.01.2009 - 19:07
“Şerif” “Birlik kuboku”nun ilk finalçısı oldu
Rusiya paytaxtı Moskvada keçirilən XVII “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin ilk finalçısı məlum olub. Apasport.az saytının məlumatına görə, Moldovanın “Şerif” klubu tarixində ikinci dəfə finala vəsiqə qazanıb.

2003-cü ildə bu kuboku qazanan Tiraspol təmsilçisi Özbəkistanın “Paxtakor” klubunu məğlub edib - 4:3. Belə ki, ilk yarımfinal oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Moldova çempionu qarşılaşmanı yarıdan çoxunu azlıqda keçirməsinə baxmayaraq, on nəfərlə iki dəfə hesabda tarazlıq yaradıb. Daşkəndlilərin hesabda iki dəfə önə keçməsinə isə “Şerif”in avtoqolu və hakimin penalti qərarı səbəb olub.

Maraqlıdır ki, həm “Şerif”, həm də “Paxtakor” ¼ finalda da penaltilər seriyasında qüvvəsini sınamışdı.

Qeyd edək ki, moldovalılar turnirdə ölkəmizi təmsil edən Bakının “İnter” klubunun potensial rəqibidir. Azərbaycan çempionu finala çıxmaq perspektivinə Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qazaxıstan “Aktobe” komandası ilə görüşdə aydınlıq gələcək.
0