Ramal Hüseynov: “Kocaelispor” rəsmiləri əl-ayağa düşüblər
23.01.2009 - 19:26
Ramal Hüseynov: “Kocaelispor” rəsmiləri əl-ayağa düşüblər
“Bakı” klubu Ramal Hüseynovla bağlı AFFA-ya rəsmi müraciət edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi müraciətdə 2010-cu ildə müqaviləsi bitəcək 25 yaşlı futbolçusunun cari mövsümün sonunadək Türkiyənin “Kocaelispor” klubuna icarə verdiyini göstərib. Buna əsasən, AFFA Ramalın transfer vərəqəni Türkiyə Futbol Federasiyasına göndərməlidir. Əks halda, həmyerlimizin rəsmi oyunda meydana çıxmasına ixtiyarı yoxdur.

Bununla bağlı Hüseynov apasport.az saytına açıqlamasında bildirib ki, “Kocaelispor” rəsmiləri bu məsələnin tezliklə həll olunmasında maraqlıdırlar: “Türklər əl-ayağa düşüblər ki, bizim transfer vərəqlərimiz oyuna kimi gəlsin. Əks təqdirdə, bazar günü meydana çıxa bilməyəcəyik. Həmin gün “Kocaelispor”un “Hacettepe” ilə prinsipial oyunu var. Eyni xala malik bu komandalar turnir cədvəlində son pillələrdə yer alıb. “Kocaelispor” “Hacettepe”ni öz meydanında yenməklə, son pilləni ona verəcək. Belə oyunda iştirakımız transfer vərəqəmizin gəlib çıxmağından asılıdır”.

Ramal yeni klubunda çıxış edəcəyi nömrənin də artıq müəyyənləşdiyini bildirib. O, “Bakı”da olduğu kimi, “Kocaelispor”da da 67 nömrəli formanı daşıyacaq: “Formanı hazırlayıb mənə təqdim etdilər. Çox xoşladığım 7 nömrəsi boş olmayanda, sonu bu rəqəmlə bitən 67-ni daşımağa üstünlük verirəm. İnanıram ki, bu nömrə mənə düşərli olacaq. Türkiyə Superliqasında çıxış edəcəyim yarım ilə nikbin baxıram. Əlbəttə, çətinlik olacaq. Hər halda, həyatda asan iş yoxdur”.

Qeyd edək ki, “Kocaelispor” Ramalla yanaşı, milli komandamızın kapitanı Rəşad Sadıqovu da transfer edib. 27 yaşlı müdafiəçi yeni klubunda “1 nömrə” altında çıxış etməyi üstün tutub.
0