“Qarabağ”ın yeni futbolçusu: Ronaldo artistdir, ondan qorxmaq lazımdır!
24.01.2009 - 11:07
“Qarabağ”ın yeni futbolçusu: Ronaldo artistdir, ondan qorxmaq lazımdır!
“Azərbaycandan aldığım təklif mənim üçün gözlənilməz idi. Amma futbolun gözəlliyi onun gözlənilməz hallarla zənginliyindədir. Yeni ölkə, yeni həyəcan deməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun yeni transfer etdiyi Admir Teli deyib.

İki ay əvvəl Albaniya yığmasının heyətində Bakıya gəlib Azərbaycanla yoldaşlıq görüşünü (1:1) ehtiyat oyunçular skamyasından izləyən 27 yaşlı futbolçu klubun rəsmi internet saytına müsahibəsində ölkəmizə qayıtmağının səbəbini açıqlayıb: “Artim Şakiri və Zekeriyya Ramazaninin də bu komandada çıxış etdiyini bildikdən sonra maraqlı bir çempionata gedə biləcəyimi düşündüm. Onlarla söhbətdən sonra “Qarabağ”la bağlı fikrimi qətiləşdirdim. “Hacettepe”dən ayrılacağıma gəlincə, komandanın autsayder olacağını gözləmirdim”.

Tez-tez hakimlərlə bağlı kuryoz hadisələrin mərkəzində duran Teli cari mövsümdə çıxış etdiyi Türkiyənin “Hacettepe” klubunda aldığı qırmızı vərəqəni də hələ unutmayıb: “Qalatasaray”la qarşılaşmada da hakim səhvi ilə üzləşmişəm. Zokoya qırmızı göstərməli olduğu halda, məni cəzalandırdı. Hakimi başa sala bilmirdim ki, o qaradır, mən ağ. Rəngi seçə bilmirsən ki, kim etdi cəriməni. Amma vərəqəni sonradan ləğv etdilər”.

Dünyanın və Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldonu dirsəyi ilə vurduğu üçün meydandan qovulan Admir həmin görüşdə də haqsızlıqla üzləşdiyini düşünür. O, ulduz futbolçunun dünya çempionatının seçmə mərhələsində Albaniyanın Portuqaliya ilə matçındakı hərəkətlərini artistlik adlandırıb: “Açığı onu vurmadım, sol əlimlə qabağını bağladım. O isə yalandan elə yıxıldı ki, sanki onu dirsəyimlə vurdum. Ronaldo artistliyi yaxşı bacardı. Ronaldodan qorxmaq lazımdır. İndi həmin Ronaldoya görə, millinin ilk matçını buraxmalı olacağam”.
0