Rəşad Sadıqovla Ramal Hüseynov sabah “Kocaelispor”da debüt edə bilərlər
24.01.2009 - 12:46
Rəşad Sadıqovla Ramal Hüseynov sabah “Kocaelispor”da debüt edə bilərlər
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynov sabah “Kocaelispor” klubunda ilk matçına çıxa bilərlər. Apasport.az saytının məlumatına görə, buna İzmit təmsilçisinin növbəti dəfə problemlə üzləşməsi səbəb olacaq.

Belə ki, sabah Türkiyə Superliqasının növbəti turunda “Hacettepe” ilə qarşılaşacaq İzmit təmsilçisi futbolçu çatışmazlığından əziyyət çəkir. Buna görə də, “Kocaelispor” dünən müqavilələrini rəsmiləşdirdiyi oyunçuların bəzilərini sifariş vərəqinə daxil etməyə çalışır. Yeni transferlərin Türkiyə Futbol Federasiyasında qeydiyyatdan keçirilib lisenziya almasının sabahkı görüşə çatdırılmayacağı gözlənilirdi. Lakin klub rəhbərliyi ümidlərlə komandaya gətirilənlərin “Hacettepe” ilə matçı buraxmasını istəmir.

“Kocaelispor”lular 7 transferin lisenziyalarını bu qarşılaşmayadək həll etmək iddiasındadır ki, həm Rəşad, həm də Ramalın qeydiyyatdan keçməsi birinci dərəcəli olan oyunçular sırasındadır.

Qeyd edək ki, “Kocaelispor” 16 turdan sonra 9 xal toplayaraq Türkiyə Superliqasının sonuncu pilləsində qərarlaşıb.
0